Advertisement

COP29-a hazırlıq olduqca səmərəli şəkildə irəliləyir – Vladanka Andreyeva

Bakı. Trend:

Azərbaycanın vaxtının az olmasını nəzərə alsaq, COP29-a hazırlıq
olduqca səmərəli şəkildə irəliləyir.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Yaşıl artım
gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Adətən, ölkələrin bu cür iqlim konfranslarına hazırlaşmaq üçün
iki ilə yaxın vaxtı olur. Azərbaycanın situasiyasında bu, çox qısa
müddətdir, bizim cəmi 10 aya yaxın vaxtımız var. Oktyabr ayına
qədər bütün hazırlıqlar tamamlanacaq və indiyə qədər gördüklərim
COP29 Rəyasət Heyətinin möhtəşəm fəaliyyətinin sübutudur”, – o
deyib.

Onun sözlərinə görə, Azərbaycan bu qlobal miqyaslı konfransa ev
sahibliyi etməklə çox mühüm rol oynayır.

“Əmin olmalıyıq ki, dünya, həqiqətən, qlobal istiləşməni 1,5
dərəcə Selsi səviyyəsində məhdudlaşdırmaq niyyətini təsdiqləyəcək.
Noyabrda razılaşdırılacağına ümid etdiyimiz bir sıra tövsiyələr
var”, – deyə o bildirib.

Rezident əlaqələndirici cəmiyyətin hər bir hissəsinin iqlim
dəyişmələri ilə mübarizədə iştirakının vacibliyini qeyd edib.

“Bu mənada, ilk növbədə, iqlim dəyişmələri ilə mübarizə
tədbirləri barədə məlumatlılığı artırmaq üçün təhsil əsasdır.
İqtisadiyyat, özəl sektor, sənaye və təhsil sektorları arasında
daha çox investisiya və əməkdaşlığın olmasını, onların bir-biri ilə
qarşılıqlı fəaliyyət göstərməsini və təhsil sisteminin yenidən
gözdən keçirilməsi, yeni bacarıqların formalaşdırılması və yeni
tədris proqramlarının yaradılmasına daha çevik yanaşma təmin
etmələrini görmək istərdik”, – deyə o əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə
Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil”
mövzusunda konfrans keçirilir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun