Advertisement

“CESI S.p.A.” şirkəti “Black Sea Energy Project” layihəsinin icrasının perspektivlərindən danışıb

Bakı. Trend:

Azərbaycandan “yaşıl” enerjinin Gürcüstan və Qara dəniz
vasitəsilə Avropa İttifaqına (Aİ) tədarükü üzrə “Black Sea Energy
Project” layihəsinin inkişafı Cənubi Qafqaz və Aİ arasında elektrik
və hidrogen formasında karbonsuzlaşdırılmış enerjinin ticarətini
təşkil etməyə imkan verəcək.

Trend xəbər
verir ki, bu barədə İtaliyanın “Black Sea Energy Project” layihəsi
üzrə məsləhətçi olan “CESI S.p.A.” şirkətinin biznesin inkişafı
üzrə direktoru Andrea Meola sosial şəbəkədə məlumat paylaşıb.

“May ayında Tbilisidə bu layihənin həyata keçirilməsinə dair
Strateji Tərəfdaşlığın yeddinci nazirlər görüşü keçirilib.
Şirkətimiz texniki məsləhətçi olaraq bu layihənin inkişafının
texniki aspektlərinə dair məlumat verib. Planlaşdırılan “yaşıl”
enerji dəhlizinin Cənubi Qafqaz və Aİ arasında “yaşıl” elektrik
enerjisi və hidrogen ticarətinə imkan verəcək əsas enerji
infrastrukturu olacağından əminik”, – o deyib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan
Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000
meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin
inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl”
elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya
və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli
üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər “yaşıl” enerji
tədarükünü təşkil etməyə imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun