
14 mart 2024-cü il tarixində Riqa şəhərində Azərbaycan,
Qazaxıstan, Türkiyə və Özbəkistanın Latviyadakı səfirliklərinin
birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Latviyada ilk
dəfə olaraq mədəni tədbir keçirilib.
Tədbir Latviyanın əhəmiyyətli memarlıq abidələrindən biri olan
və tanınmış mədəniyyət ocaqlarından sayılan Riqa Bourse İncəsənət
Muzeyində təşkil olunub.
Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov
tədbirdə çıxış edib və tədbir iştirakçılarını bayram münasibətilə
təbrik edib. O, ortaq kökləri olan və Türkdilli ölkələr ailəsini
təmsil edən səfirliklərin birgə qeyd etdiyi Novruz şənliyinin türk
dünyası ilə Latviya arasında mədəni körpü rolunu oynadığını və
əlamətdar hadisə olduğunu bildirib.
Səfir Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi
mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə
çatdırıb və bu bayramın Azərbaycan xalqının qədim və zəngin
dünyagörüşünü və milli kimliyini təcəssüm etdirdiyini bildirib.
Elnur Sultanov builki Novruzun gəlişinin ötən il ölkəmizin
suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə
olaraq Azərbaycanın bütün ərazisində qeyd olunması ilə əlaqədar
xalqımızın üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir, həmçinin öz çıxışında Novruz bayramının mahiyyəti,
adət-ənənələri və milli xüsusiyyətləri barədə tədbir
iştirakçılarına məlumat verib.
Sonra Qazaxıstanın Latviyadakı səfiri Dauren Karipov, Türkiyənin
səfiri Şule Öztunç və Özbəkistanın müvəqqəti işlər vəkili Akrom
Xodjayev çıxış ediblər və Novruz bayramı münasibətilə təbriklərini
çatdırıblar.
Daha sonra qonaqlara Azərbaycan mədəni proqramı çərçivəsində
Latviyada fəaliyyət göstərən “Buta” Azərbaycan Milli Xalq Rəqs
Ansamblının ifasında “Qaval” xalq rəqsi təqdim olunub və Liepaya
Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin Caz bölməsinin rəhbəri,
tanınmış qarmon ifaçısı Rüstəm Bağırov tərəfindən “Novruzu”
Azərbaycan kompozisiyası ifa olunub.
Mədəni proqram Türkiyənin “Ebru” sənətinin sərgisi, Qazaxıstanın
”Akjarma” folklor ansamblının çıxışı və Özbəkistanın “Suzani” milli
toxuma sənətinin master-klassı ilə davam edib.
Tədbirdə Latviyanın dövlət qurumlarının rəhbərləri və
nümayəndələri, Latviya Seyminin üzvləri, Xarici İşlər Nazirliyinin
rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik missiyaların
rəhbərləri, incəsənət xadimləri, akademik, ictimai dairələrin
nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri,
eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.





























