Advertisement

FHN-də fövqəladə hallar könüllülərinin təltifetmə mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

29 may 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin
inzibati binasının akt zalında fövqəladə hallar könüllülərinə
sertifikatların təltifetmə mərasimi keçirilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin
Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan
Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və fövqəladə
hallar könüllüləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə
“Fövqəladə Hallar Könüllüləri” proqramından bəhs edən videoçarx
nümayiş olunub.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirdə çıxış
edib. Nazir könüllülük hərəkatının ölkəmizdə başlanmasının və
inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu
vurğulayıb. Bildirib ki, Ümummilli Liderin Azərbaycanda
rəhbərliyinin ilk illərindən etibarən insan amilinə verilən dəyər,
gənclərə göstərilən qayğı, təhsildə və ictimai işlərdə fərqlənən
gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, onların inkişafı üçün
hərtərəfli şəraitin yaradılması həm də könüllülük hərəkatının
başlanmasına və sonrakı illərdə inkişafına təkan verib.

Ulu Öndərin mütərəqqi siyasətini bütün sahələrdə uğurla davam
etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin
misilsiz tarixi nailiyyətlərə imza atdığını qeyd edən K.Heydərov,
bu gün Azərbaycanda gənclərin inkişafı, onların potensialından
səmərəli istifadə və könüllülük fəaliyyəti üçün hər cür şəraitin
yaradıldığını, bu istiqamətdə zəruri hüquqi bazanın
formalaşdırıldığını diqqətə çatdırıb.

Nazir gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın ölkəmizdə dövlət gənclər siyasətinin
uğurla həyata keçirilməsi, o cümlədən könüllülük fəaliyyətinin
təşəkkül tapmasında göstərdiyi böyük xidmətləri və reallaşdırdığı
layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Ölkəmizdə könüllü təşkilatlarının təşəkkül tapması və inkişafı
istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq
Fövqəladə Hallar Könüllüləri proqramının formalaşdığını qeyd edən
nazir, könüllülərin ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə
nəzəri və praktiki təlimlərə cəlb olunaraq yanğın təhlükəsizliyi,
mülki müdafiə, maarifləndirmə, ilkin yardım və digər istiqamətlər
üzrə geniş təcrübə qazandıqlarını qeyd edib.

K.Heydərov çıxışının sonunda bu humanist təşəbbüsün davamı
olaraq “Fövqəladə Hallar Könüllüləri” proqramı çərçivəsində növbəti
qrup könüllülərin artıq seçildiyini diqqətə çatdırıb, fövqəladə
hallar sahəsində praktik vərdişlərə həvəslə yiyələnən, eyni zamanda
müsabiqədə uğur qazanan fövqəladə hallar könüllülərini təbrik edib,
onların ölkə əhalisinin və ərazilərinin fövqəladə hallardan
etibarlı şəkildə qorunmasını ali məqsədi hesab edən Fövqəladə
Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə
əminliyini bildirib.

Sonra çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının
sədri Yusif Vəliyev ölkəmizdə könüllülük fəaliyyətinin təşəkkül
tapmasından, bu çərçivədə Fövqəladə Hallar Könüllüləri proqramının
qısa müddətdə ciddi uğurlara imza atmasından danışıb, konüllülərin
fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb.

Mərasimdə fövqəladə hallar könüllülərinin təmsilçiləri – Nəzirə
Rəhimli və Arif Aslanov onların bilik və bacarıqlarının
reallaşdrılması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını
bildiriblər.

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub,
proqramı uğurla başa vuran könüllülər estafeti müsabiqədən uğurla
keçmiş növbəti qrup könüllülərə ötürüblər.