Advertisement

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının
Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə
Assambleyasının 77-ci sessiyası davam edir.

Sessiya çərçivəsində səhiyyə naziri Teymur Musayevin rəhbərlik
etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

Belə ki, ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge
ilə görüş baş tutub. Həmçinin, Türkiyənin səhiyyə naziri Fahrettin
Koca, Özbəkistanın səhiyyə naziri vəzifəsini icra edən Asilbek
Xudayarov, Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal
Miranda, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova,
Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Niderlandın
səhiyyə xidmətləri üzrə naziri Pia Deykstranın rəhbərlik etdiyi
nümayəndə heyətləri ilə görüşlər keçirilib. Eləcə də, Stop TB
Tərəfdaşlığının (“Stop TB Partnership”) icraçı direktoru Luçika
Ditiu, Qlobal Fondun Qrant İdarəetmə Bölməsinin rəhbəri Mark
Edinqton, “Royal Philips” şirkətinin Qlobal Hökumət və İctimai
məsələlər üzrə vitse-prezidenti Jan-Villem Şeiqrondla ikitərəfli
görüşlər olub.

Görüşlərdə ilk olaraq Azərbaycan nümayəndə heyətinə xalqımızın
Müstəqillik Günü və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklər ünvanlanıb.
COP29 kimi mötəbər tədbirin mahiyyəti vurğulanaraq, Azərbaycanın
hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil
etdiyi bildirilib.

Ölkəmizin nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya
Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyi
vurğulanıb. İnsan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən
təşəbbüslərin gələcəkdə də uğurla reallaşdırılacağına əminlik ifadə
olunub.

Təşkilata üzv türkdilli ölkələrin nazirləri ilə keçirilən
görüşlərdə xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında
dövlət başçılarının müstəsna rolu vurğulanıb. Səhiyyə sahəsində
əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın mövcudluğu
qeyd edilib. Səhiyyə sektorunun rəqəmsallaşdırılmasında Türkiyə
təcrübəsinin dünyada qabaqcıl olduğu və bu təcrübədən faydalanmağın
əhəmiyyəti bildirilib.

Daşkənddə türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan
olmasının 100-cü ildönümünə həsr olunan “Özbəkistan-Azərbaycan
Səhiyyə Dekadası”nın və Dekada çərçivəsində ölkəmizi təmsil edən
həkim mütəxəssislərin özbəkistanlı həmkarları ilə birgə 100-dən
artıq cərrahiyyə əməliyyatlarının aparılmasının mahiyyəti qeyd
edilib. Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət
sahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraq
ifadə olunub. Azərbaycanın son illər ərzində səhiyyə sahəsində
tətbiq etdiyi rəqəmsal həllər və elektronlaşdırma təcrübəsinin
Qazaxıstan üçün böyük maraq kəsb etdiyi bildirilib. Bioloji
təhlükəsizlik istiqamətində Azərbaycan-Qazaxıstan əməkdaşlıq
perspektivləri də müzakirə olunub. Transplantologiya sahəsində
əməkdaşlıq və ölkəmizin uğurlu təcrübəsinin Qırğızıstanda tətbiqi
imkanları ətrafında faydalı müzakirələr aparılıb.

Kuba ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumunun əhəmiyyəti qeyd edilib. Yüksəkixtisaslı həkimləri və
müasir tibb müəssisələrini özündə birləşdirən Niderland səhiyyə
sisteminin Avropada nümunəvi model olduğu bildirilib.

Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması
istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Ölkəmiz tərəfindən yoluxucu xəstəliklər, o cümlədən vərəmlə
mübarizə proqramlarının uğurla həyata keçirildiyi vurğulanıb.

Görüşlərdə yüksək texnoloji tibbi avadanlıqların Azərbaycan
səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparılıb.