Advertisement

COP29-a hazırlıq çərçivəsində Azərbaycanda mina əleyhinə fəaliyyət xüsusən vacibdir – İvana Jivkoviç

Bakı. Trend:

COP29-a hazırlıq çərçivəsində Azərbaycanda mina əleyhinə
fəaliyyət xüsusən vacibdir.

Trend xəbər
verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və
Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana
Jivkoviç “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz
və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda
3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında
deyib.

“Azərbaycan hökumətinin COP29-a hazırlaşdığı zamanda mina
əleyhinə fəaliyyətlə əlaqəli ekoloji problemin və daha geniş iqlim
dəyişmələri probleminin həllinə sadiqlik heç vaxt olmadığı qədər
daha aktualdır. Beləliklə, bugünkü konfrans və qarşıdakı COP29
bir-biri ilə sıx əlaqəlidir, çünki hər ikisi ekoloji dayanıqlılıq
və iqlim dəyişmələrinə dayanıqlılıq üçün transformativ tədbirlərə
fokuslanıb”, – o deyib.

İ.Jivkoviç qeyd edib ki, innovasiyalar minatəmizləmə üzrə
irəliləyişin sürətləndirilməsinin açarıdır. Onun sözlərinə görə,
məsafədən zondlama, süni intellekt, pilotsuz uçuş aparatları
sahəsində nailiyyətlər və digər yeniliklər yerüstü minaların aşkar
edilməsi və zərərsizləşdirilməsi üsullarında inqilab edib.

“Bu texnologiyalar nəinki təhlükəsizliyi və səmərəliliyi
artırır, həm də gələcək minatəmizləmə əməliyyatları zaçamanı ətraf
mühitə təsiri minimuma endirir”, – deyə o əlavə edib.

O, həmçinin, qeyd edib ki, yerüstü minalar və digər partlayış
təhlükəli müharibə qalıqları insanlara ölçüyəgəlməz dərəcədə zərər
yetirməyə davam etməklə sülh və təhlükəsizlik üçün davamlı təhdid
təşkil edir.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra
ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər
heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun