Advertisement

ANAMA və BMTİP arasında niyyət bəyannaməsi imzalanıb

Zəngilan. Trend:

Cari ilin 30 may tarixində Zəngilan şəhərində “Minaların ətraf
mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün
resursların səfərbər olunması” mövzusunda keçirilən 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransının açılış günündə Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramı
arasında niyyət bəyannaməsi imzalanıb.

Trend xəbər
verir ki, niyyət bəyannaməsi Azərbaycan Respublikası ərazisində
Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında
əməkdaşlığı ehtiva edir.

Sənəd, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov və
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin
səlahiyyətlərini icra edən Alessandra Roccasalvo tərəfindən
imzalanıb.

Mərkəz, mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və
beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması,
sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək,
habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və
metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat
və innovasiyaları təşviq edəcəkdir.

Mərkəzinin yaradılması Azərbaycanın mina təhlükəsilə mübarizə
imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə
vermək niyyətinin göstəricisidir.

Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq
istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa,
regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.