Bakı. Trend:
Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycandan Avropa
İttifaqına (Aİ) “yaşıl” enerji dəhlizi üzrə “Black Sea green energy
corridor” birgə müəssisəsi yaxın zamanda Buxarestdə qeydiyyatdan
keçəcək.
Trend bu
barədə Rumıniyanın “Transelectrica” şirkətinin (layihə iştirakçısı)
Direktorlar Şurasının üzvü Boqdan Tonceskuya istinadən xəbər
verir.
“Ötən həftə Tbilisidə “yaşıl” enerjinin inkişafı və
Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, oradan
isə Macarıstana ötürülməsi üzrə Strateji Tərəfdaşlığın 7-ci
nazirlər görüşü keçirilib.
“Transelectriса” şirkəti, “Azərenerji” ASC, Gürcüstanın “GSE” və
Macarıstanın “MVM Zrt” şirkətlərinin səlahiyyətli nümayəndələri
“yaşıl” enerji layihəsinin reallaşdırılması üzrə birgə müəssisənin
yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər. Birgə
müəssisə Buxarestdə qeydiyyatdan keçəcək”, – Tonçesku deyib.
Layihə üzrə texniki konsultant İtaliyanın “CESI S.p.A”
şirkətidir.
Bu “yaşıl” enerji dəhlizinin yaradılması Cənubi Qafqaz və Aİ
arasında elektrik enerjisi və hidrogen formasında
karbonsuzlaşdırılmış enerji ticarətini təşkil etməyə imkan
verəcək.
Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan
Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000
meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin
inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl”
elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya
və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli
üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər “yaşıl” enerji
tədarükünü təşkil etməyə imkan verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























