Advertisement

YAP Xətai rayon təşkilatının Zakir Yusifov ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Zakir Yusifov ünvanı üzrə ərazi partiya təşkilatında
növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Azərbaycanın bugünkü inkişafına yol açan möhkəm təməldən,
Yeni Azərbaycan Partiyasının cəmiyyətin avanqard qüvvəsi kimi
möhkəmlənən mövqeyindən geniş bəhs edib. Bildirib ki, tarixi
Zəfərimizdən sonra Azərbaycanın müstəqillik tarixinə hər gün
qürurverici hadisələrin yazılması dövlətimizin uğurlu və düşünülmüş
siyasətinin, qətiyyətinin məntiqi nəticəsidir. Bu il Müstəqillik
Günü Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazılması ilə
tariximizdə yer aldı. İşğaldan azad edilmiş ərazilərimizdə son üç
ildən artıq dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri,
onların fonunda soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı
Azərbaycanın malik olduğu imkanların təqdimatıdır.

Cənab İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə qeyd etdiyi
kimi, hər şeyin vaxtı var və biz qayıtmışıq. Təbii ki,
söydaşlarımızın doğma yurd-yuvalarına qayıdışını təmin edən 44
günlük İkinci Qarabağ müharibəsinədək Azərbaycan 30 illik yol
gəldi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu ölkəmizin hər
bir sahədə uğurlu inkişafını təmin etdi. Azərbaycanın iqtisadi
imkanları artdı, siyasi mövqeyi möhkəmləndi, dünyada əsl söz
sahibinə çevrildi. Müstəqilliyimizin və suverenliyimizin qarantı
olan ordu quruculuğu istiqamətində atılan addımların nəticəsidir
ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer
alıb. Azərbaycan informasiya cəbhəsində üstünlük qazandı. Ölkəmizin
tarixi ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı nəticəsində
dünya gücləri əsl həqiqəti qəbul etməyə məcbur oldular. Tarixi
Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar indiki tarixi
məqamda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Vüqar Rəhimzadə bildirib ki, cənab İlham Əliyev bu ilin sentyabr
ayında Xankəndi şəhərinə də köçün başlanacağını bildirdi. Təbii ki,
həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın
iqtisadi imkanlarını bütün dünyaya nümayiş etdirir. Ölkəmiz bütün
işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirir. Bütün
bunlar qalib Azərbaycanın regionun lider dövləti olmasının
göstəricisidir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,
suverenliyimizin tam bərpa edilməsi fonunda yeni dövrə qədəm
qoyduq. Bu dövrün qürurverici hadisələrindən biri bu ilin fevral
ayında keçirilən növbədənkənar prezident seçkiləri oldu. Seçkilərdə
inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində
bildirdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq:
“Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz,
əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin
olsun.”

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Azərbaycanın uğurlarında öz
payı olan Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli
sürdüyü təşəbbüsləri ilə qalib Azərbaycanın daha da qüdrətlənməsinə
öz töhfələrini verir. Tarixi Zəfərimizin reallıqlarına söykənərək
Yeni Azərbaycan Partiyasının 2021-ci ilin sonunda təsdiqlədiyi “Biz
birlikdə güclüyük!” devizi altında yeni Proqramında gələcək
inkişafla bağlı bütün hədəflər və onların icra mexanizmləri öz
əksini tapıb. Partiyanın hər bir rayon təşkilatı, hər bir üzvü bu
hədəflərin reallığa çevrilməsi istiqamətində səylə çalışır.

Tədbirdə çıxış edən YAP üzvləri Elnarə Zeynalova və Mirabusət
Bəhramov qalib Azərbaycanın, Yeni Azərbaycan Partiyasının
uğurlarından bəhs edərək bildiriblər ki, belə güclü, qüdrətli
ölkənin vətəndaşı, YAP kimi partiyanın isə üzvü olmaq böyük şərəf
və xoşbəxtlikdir.

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi
təqdim edilib.