Advertisement

Səhiyyə nazirinin müavini “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” adlı konfransda çıxış edib

Bakı. Trend:

Bakıda mayın 31-də “Erkən uşaqlıq dövrünün inkişafı –
koordinasiyalı fəaliyyət” adlı konfrans keçirilib.

Trend xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, UNİCEF-in
Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, səhiyyə nazirinin
müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firuddin Qurbanov
və digər qurumların rəhbər şəxsləri çıxış ediblər.

Konfransda çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov
hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönələn onlarla
Dövlət proqramın həyata keçirildiyini vurğulayıb: “Azərbaycan
dövləti sağlam gələcəyin təminatçısıdır. Respublikada erkən uşaqlıq
dövrü inkişafının bugünkü vəziyyəti ilə bağlı UNİCEF-in və dövlət
qurumlarının hazırladığı hesabatlara əsasən, ölkəmizdə bu sahədə
bir sıra nailiyyətlər əldə olunub”. Azərbaycanda bir çox vacib
səhiyyə, təhsil, uşaq və sosial müdafiə proqramların mövcudluğunu
qeyd edən səhiyyə nazirinin müavini qidalanma proqramlarının əhatə
dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun
sözlərinə görə, ölkə səviyyəsində uşaqlar və ailələr arasında
əlaqələndirən və inteqrasiya olunan Erkən Uşaqlıq Dövrü İnkişafının
təşviq edilməsi olduqca mühüm məsələdir. Bu məqsədilə, Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
hamiləlik dövründə gələcək körpənin inkişafı və digər əhəmiyyətli
tövsiyələrlə bağlı məlumatları cəmləşdirən “Burla Xatun” mobil
tətbiqi və “Məktəblinin sağlamlığı” internet portalı istifadəyə
verilib.

İlqar Qasımov, həmçinin uşaqlıq dövründə peyvəndlənməyə və
dispanserizasiyaya cəlb edilmə, eyni zamanda 0-6 aya kimi yalnız
ana südü ilə qidalanmanın təşviqinin vacibliyini qeyd edib.

Tədbirdə erkən uşaqlıq dövründə uşaqların inkişafı ilə bağlı
film nümayiş olunub.

Konfrans panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların
sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Sosial
Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə
İsmayılova, Türkiyə Spastik Uşaqlar Vəqfi, fizioterapevt-mütəxəssis
Özge Karanlık və digərləri təqdimatlarla çıxış ediblər.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya
dair suallar cavablandırılıb.