
Bakı. Trend:
BMT COP29 çərçivəsində üç paralel istiqamətdə Azərbaycana
koordinasiyalı dəstək göstərir.
Bu barədə Trend-ə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva deyib.
“Birincisi, Azərbaycana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası çərçivəsində noyabrda Bakıda keçiriləcək iqlim
konfransının bütün təşkilati aspektləri üzrə dəstək göstərilir.
İkincisi, BMT baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə
xüsusi müşaviri Selvin Çarlz Hartla birlikdə mənim həmsədr olduğum
BMT-nin Qlobal Hədəf Qrupunu aktivləşdirmişik. BMT-nin Qlobal Hədəf
Qrupu çərçivəsində COP29 Rəyasət Heyətini təşəbbüslərinin həyata
keçirilməsində dəstəkləyən 25 agentliyimiz mövcuddur. Bu
təşəbbüslərin işlənib hazırlanmasını təmin etmək üçün gələn həftə
Bonnda növbəti müzakirələr aparacağıq”, – deyə o qeyd edib.
V.Andreyeva qeyd edib ki, üçüncü istiqamət özünün rəhbərlik
etdiyi, BMT-nin Azərbaycan üzrə qrupu ilə qarşılıqlı
fəaliyyətdir.
“Bizim qarşılıqlı fəaliyyət strategiyamız var. Artıq iqlim
məsələləri üzrə 29 iqlim müzakirəsi təşkil etmişik. Həmçinin
cəmiyyətin hər bir sektorunun iqlim fəaliyyətinə necə dəstək verə
biləcəyini müzakirə edirik. Nəhayət, BMT-nin ölkə komandası olaraq
iqlim ambisiyasını dəstəkləmək istərdik. Biz bunu Azərbaycanda daha
“yaşıl” və dayanıqlı inkişafa nail olmaq üçün COP29-a stimul vermək
kimi görürük”, – deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























