
Bakı. Trend:
Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı
keçirilib.
Konfransdan öncə ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev və konfransın nümayəndələri Fəxri xiyabanda Ulu
Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı
önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı
üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin
və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül
dəstələri qoyulub.
Şəhidlər xiyabanı da konfrans iştirakçıları tərəfindən ziyarət
edilib, şəhid məzarlarına gül dəstələri düzülüb.
Sonra Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) binasında ATİAHİ RK-nın konfransı
başlayıb.
ATİAHİ RK-nın və AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar
İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar
İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı
Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan
edib.
Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin,
şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya,
Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri
seçilib, gündəlik təsdiqlənib.
Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü
işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, Məclisin yeni
tərkibinin seçilməsi, Təftiş komissiyasının yeni tərkibinin
seçilməsi, Azərbaycan Prezidentinə Müraciətin qəbul edilməsi və
təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin
müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.
ATİAHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı
bağlı ATİAHİ RK-nın sədri Səttar Möhbalıyev çıxışı dinlənilib. O,
əvvəlcə Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata
çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi
dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz
qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük
Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində
qazanılmış nailiyyətlərdən danışıb.
ATİAHİ RK-nın fəaliyyəti ilə bağlı sədr bildirib ki, qurum öz
funksiya və vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə
çalışır: ”Hesabat dövründə Məclisin 9, Rəyasət heyətinin 53 iclası
keçirilib. Müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq
üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni
mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və
müalicəsi ilə bağlı olub. İttifaqı üzvlərinin sayında əhəmiyyətli
artım müşahidə edilib. Həmkarlar ittifaqları strukturu, üzvlük və
qeydiyyat məsələləri təkmilləşdirilib. Ötən dövrdə şəhər, rayon və
rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 440
932 müraciət daxil olub, bütün müraciətlər diqqətlə
araşdırılıb, onlara lazımi köməklik göstərilib. Bu müraciətlərdən
6143-ü əmək hüquqlarının müdafiəsi, 5716-sı həmkarlar ittifaqı
orqanlarının işi, 83617-si sosial-iqtisadi məsələlər, 345456-sı isə
maddi yardımların verilməsi ilə bağlı olub. Daxil olmuş
müraciətlərin 419625-i müsbət həll edilib. Bu dövrdə bütövlükdə
AHİK-in və həmkarlar ittifaqı büdcəsi hesabına 31 min 942 ədəd
yollayış alınıb və 55 min 126 nəfər ittifaq üzvü və onların ailə
üzvlərinin istirahəti və müalicəsi təmin edilib”.
Səttar Möhbalıyev Respublika Komitəsi tərəfindən hesabat
dövründə yeni Kollektiv Saziş layihəsinin hazırlandığını, Elm və
Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə
aparıldığını və 2017-2019, 2019-2021, 2021-2023 və 2023-2025-ci
illər üzrə kollektiv sazişlərin imzalandığını deyib: “ATİAHİ RK-nın
xidmətinə aid olan üzv təşkilatlar da kollektiv müqavilələr
bağlayıb. Son yeddi ildə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə
bərpa edilib. COVID 19 pandemiyası ilə əlaqədar Respublika Komitəsi
və üzv təşkilatlar tərəfindən karonavirusa yoluxmuş 64
139 ittifaq üzvünə maddi yardım göstərilib, 45
443 ailəyə isə ərzaq yardımı verilib. Bundan başqa, xeyli
sayda qoruyucu vasitələr alınaraq həmkarlar ittifaqı üzvlərinə
paylanılıb. Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsində 760
nəfər təhsil işçisi döyüşlərə qatıldı. Onlardan 21 nəfəri şəhid
oldu. ATİAHİ RK-nın maliyyə vəsaiti və tərtibatı ilə “Qəhrəman
təhsil işçiləri” adlı kitab çap olunaraq şəhid ittifaq üzvlərimizin
xatirəsi əbədiləşdirildi. Üzv təşkilatlar tərəfindən 15800 nəfərdən
artıq müharibə iştirakçısı olan ittifaq üzvlərinə və şəhid
ailələrinə maddi yardım və ərzaq bağlamaları verilib. Bununla
yanaşı, şəhid ailələrinə, qazi və veteranlara 987 ədəd 1634
nəfərlik sanatoriya və istirahət yerlərinə yollayış verilib.
Həmçinin Respublika Komitəsi 32 şəhid ailəsini himayəyə
götürüb”.
Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun
fəaliyyəti qənaətbəxş hesab olunaraq səsçoxluğu ilə təsdiqlənib.
Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə
qoyulub.
Konfransda həmçinin Məclisin və Təftiş komissiyasının yeni
tərkibi seçilib.
Gündəlikdəki ATİAHİ RK sədrinin və müavinlərin seçilməsi
məsələsinə də baxılıb. Bildirilib ki, üzv təşkilatlarda keçirilən
yığıncaq və konfranslarda Səttar Suliddin oğlu Möhbalıyevin sədr
vəzifəsinə namizədliyi irəli sürülüb və bugünkü konfransın
müzakirəsinə verilməsi barədə qərarlar qəbul olunub. Bu qərar
konfrans iştirakçıları tərəfindən də dəstəklənib və Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional
Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk
Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti,
AHİK sədri, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev
açıq səsvermə yolu ilə yenidən ATİAHİ RK-nın sədri seçilib.
Səttar Möhbalıyev ona etimad göstərən konfrans iştirakçılarına
təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli
fəaliyyəti, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onlar
üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin
təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə
çalışacağını vurğulayıb.
Eyni zamanda Hümbət Nağıyev sədrin birinci müavini, Mirzə
Cəfərzadə isə müavin seçilib.
Sonda konfrans iştrirakçıları adından Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.





























