
Bakı. Trend:
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında
imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə
Nazirliyinin Tibb İdarəsində görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini
icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov və
Qırğız Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb
xidməti polkovniki Amanbai Matisakov hərbi tibb sahəsində
əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq
doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi
aparıblar.
Sonra qırğızıstanlı nümayəndə Müdafiə Nazirliyinin Baş Klinik
Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji
Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Mərkəzini ziyarət edib, burada
yaradılan şəraitlə hərbi tibb sahəsində xidmət edən həkimlərin
fəaliyyətlərini izləyib.





























