Advertisement

AYİB COP29-un uğurunu təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır – Alkis Drakinos (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29-un dayanıqlı
inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahələrində ümumi
məqsədlərin əldə olunmasına səbəb olan uğurlu və səmərəli tədbir
olması üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır.

Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Qafqaz üzrə
regional direktoru Alkis Vrienios Drakinos deyib.

“Bakıdakı, eləcə də, müxtəlif ölkələrdəki komandamız Azərbaycanı
milli, regional və qlobal səviyyələrdə “yaşıl” maliyyələşdirməni
səfərbər etmək üçün konfransın yaratdığı mkanlardan istifadədə
dəstəkləyəcək”, – o deyib.

Drakinos qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə və
dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə tədbirlərin
təşviqində Azərbaycanın rolu getdikcə daha böyük önəm kəsb
edir.

“Ölkə Qafqazda günəş və külək enerjisi imkanlarının yerləşməsi
üzrə lider mövqe tutub və AYİB buna kömək göstərilməsində mühüm rol
oynayıb. Azərbaycanda ən böyük institusional investor və regionda
iqlim maliyyələşdirməsi üzrə lider olaraq, iddialı dekarbonizasiya
proqramının icrasında ölkənin təbii tərəfdaşıyıq”, – regional
direktor deyib.

AYİB nümayəndəsi əlavə edib ki, ötən il Qaradağda ilk ümumi
təyinatlı günəş elektrik stansiyasına investisiya qoyuluşundan
sonra bank bu yaxınlarda Abşeron və Xızı rayonlarında ilk ümumi
təyinatlı özəl külək elektrik stansiyasının tikintisini
maliyyələşdirib.

“Həmçinin, flaqman “Yaşıl şəhərlər” proqramımız çərçivəsində
Gəncə şəhərində enerji səmərəliliyini artırırıq. Siyasətə gəlincə,
bərpa olunan enerji mənbələri üzrə hərraclar üzrə əməkdaşlığımız
Qaradağda günəş elektrik stansiyası layihəsinin planlaşdırılan
inkişafına səbəb oldu. Biz indi bu impulsu inkişaf etdirməyə yardım
etmək istəyirik və hesab edirik ki, COP29 əla fürsətdir”,- Drakinos
deyib.

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə
hərracların keçirilməsində AYİB-in rolu

Regional direktor bildirib ki, AYİB bərpa olunan enerji
mənbələri (BEM) üzrə hərraclarının uğurla keçirilməsini təmin etmək
üçün etibarlı hüquqi-normativ bazanın işlənib hazırlanmasında
Azərbaycan Respublikası Energetika Nazirliyinə dəstək göstərir.

“Biz hərracları dəstəkləyirik, çünki rəqabət və şəffaf
prosedurlar sayəsində benefisiar ölkələr yüksək keyfiyyətli
beynəlxalq sövdələşmə iştirakçılarından maksimum sərfəli qiymətlər
əldə edir. Bu hərracların müvəffəqiyyətini və səmərəliliyini təmin
etmək üçün AYİB Energetika Nazirliyinə etibarlı normativ-hüquqi
bazanın işlənib hazırlanmasına dəstək göstərir. Buraya, müsabiqəli
tenderlərin keçirilməsi üçün lazımi əsas təmin edən bərpa olunan
enerji mənbələri haqqında yeni qanuna töhfə verilməsi daxildir.
Özbəkistan, Albaniya və Serbiya kimi ölkələrdə analoji hərraclara
dəstək təcrübəmiz göstərdi ki, bu cür mexanizmlər özəl sektorun
maliyyələşdirilməsində və layihələrin yüksək keyfiyyətlə icrasında
çox uğurludur”, – o deyib.

Onun sözlərinə görə, Qaradağ günəş elektrik stansiyasının
layihəsi üzrə ilk hərracın işə başlaması Azərbaycanın “yaşıl”
enerji gündəmini əsaslı şəkildə dəyişdirərək, ölkənin
dekarbonizasiya və energetikanın dayanıqlı inkişafı yolunda mühüm
mərhələni əks etdirir.

“Bu hərracların əsas məqsədi bərpa olunan enerji üzrə kommunal
miqyaslı layihələrə özəl investisiyaların cəlb edilməsi,
Azərbaycanın elektrik enerjisi istehsalı üzrə quraşdırılmış
güclərində bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır.
Rəqabətli və şəffaf satınalma prosesinin inkişafına imkan
yaratmaqla ən yaxşı layihələrin seçilməsini təmin etməyə çalışırıq
və bununla həm innovasiyalara, həm də sektorda səmərəliliyə imkan
yaradırıq”, – o deyib.

AYİB nümayəndəsi bu cür hərracların məqsədlərindən danışıb.

“Onlar Azərbaycanın enerji balansını şaxələndirmək, qazıntı
yanacağından asılılığı azaltmaq və ölkəyə iqlim sahəsində
beynəlxalq öhdəliklərini yerinə yetirməkdə kömək göstərmək üçün
nəzərdə tutulub. Bu, xüsusilə indi, ölkə bu ilin sonunda Bakıda
COP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşdığı bir
zamanda aktualdır. Bərpa olunan enerji mənbələrinə investisiyalar,
həmçinin, iş yerlərinin açılması və enerji sektorunda texnoloji
nailiyyətlərin təşviqi hesabına iqtisadi artımı və
diversifikasiyanı stimullaşdıracaq. AYİB Azərbaycanın bərpa olunan
enerji mənbələri sahəsində ambisiyalarını dəstəkləməyə sadiq olaraq
qalır və bu istiqamətdə əməkdaşlığın davamına ümid edir”, – deyə o
əlavə edib.

Orta Dəhliz vasitəsilə bağlantıların
qurulması

Drakinos qeyd edib ki, AYİB Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu (TBNM və ya Orta Dəhliz) boyunca əlavə layihələri
dəstəkləmək imkanını də nəzərdən keçirəcək.

“AYİB tələbə yönəlmiş qurum olaraq, Orta Dəhliz boyunca əlavə
layihələri dəstəkləmək imkanını nəzərdən keçirəcək, lakin bu
layihələr maliyyələşdirmə üçün məqbul olmalı və bizim idarəetmə,
şəffaflıq, ətraf mühit və satınalma standartlarımıza cavab
verməlidir. Tranzit, ticarət və enerji potensialı, yaxud eyni
sektorlardakı infrastruktur boşluqları ilə bağlı bu layihəni
dəstəkləmək üçün məqbul layihələr üç Cənubi Qafqaz ölkəsindən hər
hansı biri, eləcə də, Mərkəzi Asiya tərəfindən nəzərdən keçirilməsi
üçün AYİB-ə təqdim oluna bilər”, – regional direktor deyib.

Onun sözlərinə görə, AYİB uzun illər ərzində bankın mövud olduğu
bütün 38 ölkə arasında bağlantının təmin edilməsinə yönəlmiş
layihələri dəstəkləyib.

“Bağlantı ölkə strategiyalarımızın əksəriyyətində prioritet
mövzudur. Bağlantını iqtisadi artımın və tərəqqinin əsas amili,
eləcə də, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və
əməkdaşlığı möhkəmləndirmək vasitəsi olaraq görənlərə qoşuluram”, –
deyə o qeyd edib.

O, həmçinin, Cənubi Qafqazın bu prosesdə xüsusi rol oynadığını
qeyd edib.

“Cənubi Qafqazın bütün sektorlarda, o cümlədən, bərpa olunan
enerji sahəsində beynəlxalq ticarətin əhəmiyyətli dərəcədə
artırılmasında Asiya və Avropa birləşdirən körpü olaraq katalizator
rolu oynamaqla, eləcə də, region ölkələri daxilində strateji
əhəmiyyətini tam anlayırıq. Xüsusən Azərbaycanın coğrafi mövqeyi,
infrastruktur şəbəkələri, iqtisadi dayanıqlığı, zəngin təbii
ehtiyatları və bərpa olunan enerji mənbələri potensialı ölkənin
Orta Dəhlizin mərkəzində yer almasına səbəb olur”, – regional
direktor deyib.

AYİB nümayəndəsi bankın bugünədək tranzit potensialının
artırılmasında Azərbaycanı dəstəklədiyini, Azərbaycan Dövlət Xəzər
Dəniz Gəmiçiliyi (ASCO) QSC üçün iki gəminin satın alınması üçün
38,7 milyon avroluq maliyyə paketi imzaladığını əlavə edib.

Gəmilər Qara dənizdə hərəkət edərək, Cənubi Amerikadan Gürcüstan
limanları vasitəsilə, daha sonra Bakı limanında yük maşını və ya
qatarlarla Xəzər dənizindən keçərək son təyinat məntəqəsinə –
Mərkəzi Asiyaya ərzaq məhsulları daşıyacaq.

Cənub Qaz Dəhlizinin gələcək maliyyələşdirilmə
imkanı

Regional direktorun sözlərinə görə, AYİB, həmçinin, Cənub Qaz
Dəhlizinin (CQD) gələcək genişləndirilməsinin maliyyələşdirilməsi
imkanını də nəzərdən keçirə bilər.

“Azərbaycan otuz ildir ki, AYİB-nin tərəfdaşıdır. Keçmişdə AYİB
CQD-ni əsas komponentlərini maliyyələşdirməklə layihəni
dəstəkləyib. Anlayırıq ki, CQD-nin imkanları genişləndirilə bilər
və Azərbaycan hökuməti dəhlizin daha da genişləndirilməsi barədə
qərar qəbul edərsə, bizə müraciət olunarsa, layihədə iştirak
imkanını nəzərdən keçirə bilərik”, – o deyib.

Drakinos qeyd edib ki, AYİB iqlim dəyişikliyinin nəticələrinin
yüngülləşdirilməsi və “yaşıl” iqtisadiyyata keçidin mühüm
prosesləri qismində onlara adaptasiyanı nəzərdən keçirir: “Bu
perspektivi nəzərə alaraq ölkələrimizdə çətin çıxarılan ehtiyatlar
sahələrinin üzləşdiyi çətinlikləri qəbul edirik”.

O bildirib ki, maliyyələşdirilməsi üçün layihə Paris sazişinin
məqsədlərinə və bankın qazıntı yanacaqlarına dair mövqeyinə cavab
verməlidir.

“Buraya karbon qazı emissiyaları riskinin azaldılmasını və aşağı
karbonlu qazın nəqlinə yardımı nəzərdə tutan meyarlara ciddi riayət
edilməsi daxildir. Potensial olaraq, CQD üzrə istənilən gələcək
əməkdaşlıq, ola bilsin ki, aşağı karbonlu qazları nəql etmək
imkanlarının nümayişini və gələcəkdə bu tələblərə cavab verilməsi
üçün etibarlı infrastrukturun təmin edilməsini tələb edəcək”, –
deyə Drakinos aydınlıq gətirib.

“AYİB, dəstəklədiyimiz istənilən investisiyanın dayanıqlı və
aşağı karbonlu gələcəyə səbəb olmasına çalışır. Bu isə o deməkdir
ki, CQD-nin genişləndirilməsi kimi layihələr nəinki cari enerji
tələbatını qarşılamalı, həm də ekoloji cəhətdən təmiz enerji
sahəsində gələcək tələblətə cavab verməlidir”, – deyə o əlavə
edib.

AYİB-in Azərbaycan üzrə yeni ölkə
strategiyası

Regional direktor bildirib ki, AYİB neft, qaz və qazıntı
yanacağı ilə əlaqəli olmayan sektorları möhkəmləndirməklə
Azərbaycan iqtisadiyyatının gələcək diversifikasiyasını
dəstəkləməyi planlaşdırır.

“Bugünədək AYİB ümumi dəyəri 3,8 milyard avro olan 190 layihəyə
investisiya qoymaqla Azərbaycanın iqtisadi inkişafını dəstəkləyib.
Bu maliyyə vəsaitinin böyük hissəsi Azərbaycanın, o cümlədən,
enerji sektorunda dayanıqlı infrastrukturunun inkişafına yönəlib.
İnvestisiyalarımızın illik səviyyəsi Azərbaycanın özəl və dövlət
sektorları tərəfindən maliyyələşdirilməsi məqbul layihələr üzrə
sorğularından asılı olaraq dəyişir”, – o deyib.

Onun sözlərinə görə, bank özəl sektorda əməliyyatların payının
artırılmasında maraqlıdır.

“Yaxın illərdə, o cümlədən, artan tərəfdaş banklar şəbəkəmiz
vasitəsilə özəl sektorun inkişafına, Orta Dəhlizin inkişafına,
eləcə də, iqlim dəyişikliyi ilə bağlı qlobal problemin həllinə,
əsasən, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı və
nəticədə milli elektrik şəbəkəsinin yaxşılaşdırılması hesabına
investisiyalar əsasən prioritet istiqamətlərimiz olacaq.

Bütün əməliyyatlarımızda öz prioritetlərimiz və strateji
istiqamətimizə uyğun olaraq ekoloji keçid, inklüzivlik və
rəqəmsallamanı dəstəkləməyə davam edəcəyik. Yuxarıda qeyd olunan
istiqamətlər Azərbaycan üzrə 2024-2029-cu illəri əhatə edəcək
gələcək ölkə strategiyamızda öz əksini tapacaq”, – deyə Drakinos
bildirib.

AYİB nümayəndəsi, həmçinin, bankın Azərbaycan hökuməti və özəl
sektorla Ölkə Strategiyasının prioritet mövzuları üzrə danışıqlar
apardığını qeyd edib.

“2024-cü ilin sonunda bu prosesi başa çatdırmağı və ölkə
strategiyasını təsdiqlənməsi üçün səhmdarlarımıza təqdim etməyi
nəzərdə tuturuq”, – deyə o əlavə edib.

Drakinos AYİB-in Azərbaycanla 30 illik tərəfdaşlığının növbəti
müsbət mərhələdə olduğunu və razılaşdırılmış strateji istiqamətlər
üzrə əməkdaşlığın perspektiv təkmilləşdirilməsinə kömək edən
mütəmadi yüksək səviyyəli görüşlərin buna şərait yaratdığını əlavə
edib.

“Orta və uzunmüddətli perspektivdə Azərbaycanla tərəfdaşlığımız
ölkə üzrə 2024-2029-cu illəri əhatə edən strategiyamızda bütünlüklə
əksini tapacaq. Strategiyanın prioritet mövzularına özəl sektorun
inkişafına, dövlət müəssisələrinin idarə olunmasının
təkmilləşdirilməsi və siyasətinin kommersiyalaşdırılmasına, Orta
Dəhlizin uğurlu inkişafı kimi regional problemlərin, habelə iqlim
dəyişikliyi kimi qlobal probmelərin həlli üçün investisiyaların və
islahatların dəstəklənməsinə yönəlmiş islahatlara yardım daxil
olacaq. Bu kontekstdə yaxın gələcəkdə əməkdaşlıq artıq bu ilin
noyabrında Bakıda COP29-un uğurla keçirilməsinə dəstəyi əhatə
edir”, – deyə Alkis Vrienios Drakinos sonda bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun