Bakı. Trend:
Çinin “Sinxua” agentliyinin yaydığı məlumata əsasən iyunun 2-də
“Çayne-6” zondu Ayın cənub qütbü yaxınlığında Apollon kraterində
uğurlu eniş edib. Uçuşun əsas məqsədi Ay süxuru toplamaqdır.
Bu barədə
Trend-ə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından
məlumat verilib.
Zondun endiyi kraterin yaşı 4 milyard il, dərinliyi 13 km,
diametri isə 2500 km-dir. Bu krater Ayın səthindəki ən yaşlı və
böyük kraterlərdən biridir. Ola bilsin ki, zərbə zamanı daha ilkin
və yaşlı material da səthə çıxmışdır.
Kosmik zond 3 may tarixində Vençan kosmodromundan buraxılmışdır.
4 gün sonra Ay orbitinə çatan zond enmə üçün əlverişli anı
gözləyirdi. “Çayne -6” qazma işləri aparmaq üçün alətlər və süxuru
toplamaq üçün robotik qollarla təchiz olunmuşdur. Cihaz müxtəlif
mənbələrdən, xüsusilə də vulkanik aktiv ərazilərdən nümunələr
götürməli, təxminən 2 kq Ay süxuru toplamalıdır. Toplanmış Ay
süxurunun iyunun 25-də Yerə çatacağı planlaşdırılır.
Proqramda bir neçə xarici ölkə də iştirak edir və onların təqdim
etdiyi müxtəlif detektorlar orbital və enmə modullarına
quraşdırılmışdır. Əlavə olaraq Çin və Pakistan Universitetlərinin
birgə hazırladığı “Icube-Q” kubsat da Ayın orbitinə
buraxılacaqdır.
2020-ci ildə “Çayne-5” zondu Ayın görünən tərəfindən süxur
toplayaraq uğurla geri dönmüşdür. Bu dəfə isə missiya daha
çətindir, çünki zondla əlaqə saxlamaq üçün əlavə peykdən istifadə
olunur, həm də zondun endiyi relyef daha mürəkkəbdir.
Qeyd edək ki, ABŞ ilə yanaşı Çin də 2030-cu ildə Aya kosmonavt
göndərməyi planlaşdırır.





























