
Bakı. Trend:
İyunun 3-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə
əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir
Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddətdə COP29
üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işlər barədə
məlumat verib.
Təşkilat Komitəsinin sədri bildirib ki, hazırda Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmiz iqlim dəyişmələri ilə qlobal
mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Samir Nuriyev
vurğulayıb ki, Prezident İlham Əliyevin müxtəlif çıxış və
müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi
tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir
və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin
iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin
ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq
ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.
Samir Nuriyev şəffaflığın və inklüzivliyin təmin edilməsi
məqsədilə keçən aylar ərzində COP29 komandası tərəfindən müxtəlif
danışıqlar qrupları ilə çoxsaylı məhsuldar görüşlərin və
məsləhətləşmələrin keçirildiyini, onların mövqeyinin və COP29-dan
gözləntilərinin öyrənildiyini, Azərbaycanın müzakirə olunan
mövzular ətrafında qlobal həmrəyliyin və konsensusun
formalaşdırılması istiqamətində çalışdığını vurğulayıb.
Bu gün öz işinə başlayan Bonn İqlim Dəyişmələri Konfransına
toxunan Təşkilat Komitəsinin sədri bildirib ki, artıq ölkəmiz COP29
sədrliyinin fəal fazasına daxil olur və dövlət qurumları COP29-un
uğurla keçirilməsi üçün səylərini daha da artırmalıdır.
Vətəndaş cəmiyyətinin də proseslərə töhfə verdiyini qeyd edən
Samir Nuriyev bu xüsusda, Afrikanın 130-dək QHT-si və İtaliyada G7
Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər
tərəfindən COP29-un ev sahibi kimi Azərbaycana dəstək
bəyanatlarının verilməsini xüsusi olaraq qeyd edib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş
prezidenti Muxtar Babayev COP29-a hazırlıqla bağlı ümumi gedişat və
Bonn İqlim Dəyişmələri Konfransı barədə məlumat verib. Bildirib ki,
konfrans çərçivəsində Azərbaycan tərəfindən COP29 sədrliyinin
baxışı və təşəbbüsləri ilə bağlı bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Xarici işlər naziri Ceyhun Bayramov müxtəlif ölkələr və
danışıqlar qrupları ilə keçirilən görüş və məsləhətləşmələr, COP29
Sədrliyinin Fəaliyyət Gündəliyi, COP29-da qəbul edilməsi nəzərdə
tutulan sənədlərlə bağlı son vəziyyət barədə danışıb.
Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf SOCAR-ın yaşıl
gündəliyi və fəaliyyət istiqamətlərində emissiyaların azaldılması
barədə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova iqlim fəaliyyətində qadınların rolu barədə
danışıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov COP29 zamanı
gömrük məsələlərinin tənzimlənməsi, nümayəndə heyətlərinə və onlara
məxsus yüklərə münasibətdə sürətli gömrük rəsmiləşdirilməsi
prosedurlarının tətbiq edilməsi barədə çıxış edib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mehmanxanalar və
digər yerləşmə yerləri, bu yaxınlarda istifadəyə verilmiş vahid
onlayn rezervasiya platforması barədə məlumat verib.
Milli Məclisin deputatı Könül Nurullayeva COP29-la bağlı
parlament istiqamətində aparılan işlər, xüsusilə Parlamentlərarası
İttifaqla əməkdaşlıq çərçivəsində keçiriləcək Parlament konfransı
barədə danışıb.
“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən
Axundova qeyri-hökumət təşkilatlarının COP29-a töhfəsi barədə çıxış
edib.
İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində
görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə
tapşırıqlar verilib.



























