
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin birliyi və
əməkdaşlığı üçün əhəmiyyətli bir platformadır.
Bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq
tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya”
mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, əşkilatın əsası 2009-cu ildə Naxçıvan
Sazişi ilə qoyulmuş və o gündən bəri türk dövlətləri arasında
iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirməyə xidmət
etmişdir.
Nəzərə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev dəfələrlə Təşkilatın əhəmiyyətini vurğulayıb və
bu təşkilatın türkdilli xalqların birliyini daha da
möhkəmləndirdiyini bildirib. Cənab Prezidentin sözləri ilə desək,
“Türk Dövlətləri Təşkilatı türk dünyasının ortaq maraqlarını
qorumaq və irəlilətmək üçün möhkəm bir təməldir.”
Əlavə olaraq qeyd olunub ki, müzakirə olunacaq və həyatımıza
inteqrə edilmiş müasir texnologiyalardan istifadə sahəsində türk
dövlətlərinin prokuror, hakim və mütəxəssislərinin aparacağı
təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan
prokurorluğunun “EPİS”i, Türkiyə ədliyyə sisteminin “UYAP”ı,
Qazaxıstan hüquq mühafizə orqanlarının “Zandılık”ı və digər
rəqəmsal platformaların bir-birimizdən öyrənərək daha da üst
səviyyəyə daşınması üçün effektiv müzakirələrin aparılması olduqca
əhəmiyyətlidir.





























