Advertisement

YAP Xətai rayon təşkilatının Natiq Əliyev 50 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Natiq Əliyev 50 ünvanı üzrə ərazi partiya təşkilatında
növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə tədbirin təsadüf etdiyi günə diqqəti yönəldərək bildirib
ki, 31 il bundan öncə bu günlərdə Azərbaycanın yaşadıqları
müstəqillik tariximizin qaranlıq səhifəsi kimi vərəqlənməkdədir.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə
hakimiyyətsizliyin hökm sürməsi Azərbaycanı müstəqilliyini itirmək,
bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə qoymuşdu. Hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat
cütlüyünün yaratdığı anarxiya, xaos, özbaşınalıq heç vaxt
unudulmayacaq. 1993-cü ilin 4 iyun Gəncə hadisələri Azərbaycanda
hakimiyyət böhranının daha da dərinləşməsinə gətirib çıxardı.
Ölkənin bu taleyüklü anında xalqın yeganə ümidi Ulu Öndər Heydər
Əliyev idi. Xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya gələn
Ümummilli Lider Heydər Əliyev bu gəlişi ilə Azərbaycanın bugünkü
reallıqlarının əsasını qoydu. Həmin gün, sözün həqiqi mənasında,
ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm
addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən
başlandı. Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan
15 İyun- Milli Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı
deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan
isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında,
möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına
arxalanan və xalqına arxa, dayaq olan Ulu Öndər Heydər
Əliyevdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü ildən bugünədək
Azərbaycan böyük inkişaf yolu keçib. Bütün uğurlarımızın əsasında
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugününə və gələcəyinə
xidmət edən düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ümummilli
Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Onun
yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında da yeni
bir mərhələnin əsasını qoydu. Vətəninə, xalqına bağlılığını atdığı
addımları ilə təsdiqləyən Ümummilli Liderin xidmətləri sırasında
2003-cü ildə xalqa tarixi müraciəti daim xüsusi vurğulanır. Son 20
ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi dünyaya Günəş kimi doğan Azərbaycanı
qalibiyyətə qovuşdurdu. Hazırda işğaldan azad edilmiş bütün
torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Ümummilli Liderin
ən böyük arzusu Azərbaycanı ərazi bütövlüyü və suverenliyi tam
bərpa edilmiş qalib ölkə kimi görmək idi. Son üç ildən artıq dövr
müstəqillik tariximizə Zəfər səhifələrinin yazılması ilə
diqqətdədir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir,
soydaşlarımız böyük sevinc hissi ilə doğma yurd-yuvalarına
qayıdırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə
Xocalı şəhərinə köçmüş sakinlərlə görüşüb onlara evlərin açarlarını
təqdim etməsi qayıdışın növbəti ünvanı oldu.

Tədbirdə çıxış edən YAP üzvləri Sevinc Orucova və Kəmalə
Ağalarova bildiriblər ki, bu günün reallıqlarından baxanda
Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Tarixi
ədalətə əsaslanan siyasətimizin uğurları bu əminliyə böyük əsas
verir. Hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Bu hədəfə də
zamanında və yüksək səviyyədə nail olacağıq. Azərbaycanın daha da
güclənməsi, qüdrətlənməsi, xalqımızın yüksək rifah şəraitində
yaşaması Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil
edir.

Sonda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük
vəsiqəsi təqdim edilib.