
Bakı. Trend:
Hazırda Xəzər dənizinin 157 qiqavatt gücündə sahildə külək
enerjisi potensialından istifadə etməklə “Xəzər-Qara dəniz-Avropa”
“yaşıl” enerji dəhlizinin yaradılması üzrə mühüm işlər görülür.
Trend xəbər
verir ki, bu barədə bu gün energetika naziri Pərviz Şahbazov 29-cu
Bakı Enerji Forumunda çıxışında deyib.
Nazir qeyd edib ki, bu başlanğıc mərhələdə Aİ-yə 4 qiqavatt
“yaşıl” elektrik enerjisi və “yaşıl” qazların (hidrogen, ammonyak)
icracını təşkil etməyə imkan verəcək.
“Bu layihə çərçivəsində tərəfdaş ölkələr olan Gürcüstan,
Rumıniya və Macarıstanla nazirlər səviyyəsində 7 görüş keçirmişik.
Bolqarıstan da bu layihəyə maraq göstərir. Layihənin
texniki-iqtisadi əsaslandırmasının ilk nəticələri 2024-cü ilin
sonuna gözlənilir. Biz baş ofisi Buxarestdə yerləşəcək olan birgə
müəssisə yaradırıq”, – nazir deyib.
Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan
Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş
imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000
meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin
inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl”
elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya
və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli
üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər “yaşıl” enerji
tədarükünü təşkil etməyə imkan verəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























