
Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyi (IEA) COP29-un uğurunu və maksimum
təsirini təmin etmək üçün tədbir çərçivəsində Azərbaycanla sıx
əməkdaşlıq edəcək.
Bu barədə Trend-ə Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji
təchizatı şöbəsinin rəhbəri Kristof Makqleyd 29-cu Bakı Enerji
Forumunun kuluarlarında deyib.
O qeyd edib ki, COP29 dünya üçün qlobal istiləşmənin 1,5 dərəcə
Selsi səviyyəsində saxlanılmasına yönəlmiş həlledici məqamdır.
“Bu baxımdan, IEA tədbirin uğurunu və maksimum təsirini təmin
etmək üçün Azərbaycanın rəhbərlik etdiyi COP29 Rəyasət heyəti ilə
sıx əməkdaşlıq edəcək. Azərbaycan COP29 çərçivəsində müzakirə etmək
və həllinə töhfə vermək istədiyi bir sıra əsas məsələləri qeyd
edib. IEA Azərbaycanla geniş spektrli enerji məsələləri üzrə fəal
əməkdaşlıq edəcək. COP29 prezidentinin strateji enerji tərəfdaşı
olmaqla ölkənin qlobal istiləşməni 1,5 dərəcəyə qədər saxlamaq
istiqamətində mühüm irəliləyiş əldə etməsinə kömək etmək üçün öz
təcrübə, təhlil və məlumatlarımızı təqdim edəcəyik”, – deyə o əlavə
edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























