
Bakı. Trend:
COP29 enerji əməkdaşlığında yeni eranın başlanğıc nöqtəsi ola
bilər.
Bu barədə Trend-ə Dünya Enerji Şurasının (DEŞ) baş katibi Ancela
Uilkinson 29-cu Bakı Enerji Forumunun kuluarlarında deyib.
“COP29 konfransının müasir neft dövrünün başladığı Azərbaycanda
keçiriləcəyi sevindirici haldır. Bu tədbirin Azərbaycanda
keçirilməsi keçmişlə gələcəyi birləşdirəcək. Ümid edirəm ki, bu
hadisə enerji əməkdaşlığında yeni, mütərəqqi və praqmatik dövrün
başlanğıc nöqtəsi olacaq”, – deyə o bildirib.
Uilkinson qeyd edib ki, Azərbaycan öz enerji imkanlarından fəal
şəkildə istifadə etməklə külək və günəş enerjisi perspektivlərini,
eləcə də, qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır.
“Azərbaycan ölkə daxilində bərpa olunan enerji mənbələrindən
istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin,
enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə
Avropa ölkələrinə yardım göstərir”, – deyə o əlavə edib.
Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi
çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres
Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm
tədbirlərindən biri – 29-cu Bakı Enerji Forumu keçirilir.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika
Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk
dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.
Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla
yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük
Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya,
Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ,
Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan,
Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da
iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi
daxildir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























