Advertisement

COP29-un ölkəmizdə keçirilməsi bərpaolunan enerji üzrə yeni imkanlar açacaq – ŞƏRH

Bakı. Trend:

Bakı. Trend:

COP29-un Azərbaycanda keçirilməsi siyasi və iqtisadi cəhətdən
böyük əhəmiyyətə malikdir.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli
deyib.

Onun sözlərinə görə, ölkəmizdə təmiz ətraf mühitin formalaşması
istiqamətində mühüm işlər görülür:

“Bu tədbirin ölkəmizdə keçirilməsi bərpaolunan enerji üzrə yeni
imkanlar açacaq və bu sahəyə investisiya mühitinə müsbət təsir
edəcək. Belə ki, bu sahədə fəaliyyət göstərən böyük şirkətlərin
marağı ölkəmizdə olacaq.

Bu da gələcəkdə ölkəmizin “yaşıl enerji” potensialının artmasına
və ixracatına böyük təsir edəcək. COP29-un ölkəmizin “yaşıl enerji”
siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Azərbaycan “yaşıl
enerji” sahəsində beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu
istiqamətdə çox sürətli işlər həyata keçirilməkdədir.

Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə
tutan prioritetlərdə təmiz ətraf mühit və “yaşıl enerji”yə keçid
əsas istiqamətlərdəndir. Alternativ və bərpa olunan enerjinin
istehsal edilən ümumi enerjidə payının 40%-ə qədər artırılması
nəzərdə tutulub. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə
yüksək potensiala malik olan ölkələrdəndir”.

Ekspert bildirib ki, COP29 həm də siyasi hadisədir.

“COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada ölkəmizin
nüfuzunu artıracaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən,
ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda
135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin
iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3
min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji
potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat
həcmində qiymətləndirilir.