
Bakı. Trend:
Bolqarıstan özünün mütərəqqi elektrik ötürmə sistemi sayəsində
Azərbaycan-Aİ “yaşıl enerji” dəhlizində mühüm rol oynaya bilər.
Bu barədə Trend-ə ölkənin Energetika Nazirliyindəki mənbədən
bildiriblər.
“Əlbəttə, Bolqarıstan layihəyə açıq dəstəyini ifadə edən ilk
ölkələrdən biridir. 3 aprel 2023-cü il tarixli məktubda Energetika
Nazirliyi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri
arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə strateji
tərəfdaşlıq haqqında Sazişi dəstəkləyib və Bolqarıstan hökumətinin
“Orta Yaşıl Dəhliz” birgə layihəsinə qoşulmaqda maraqlı olduğunu
bildirib.
Bolqarıstan özünün mütərəqqi elektrik ötürmə sistemi, qonşu
ölkələrlə qarşılıqlı əlaqələri, qabaqcıl inkişaf etmiş elektrik
enerjisi bazarı, eləcə də, bərpa olunan enerji mənbələrinə
investisiyalar üçün imkanları, infrastruktur layihələr və “yaşıl
enerji”yə artan tələbat sayəsində layihədə mühüm rol oynaya
bilərdi”, – deyə mənbə bildirib.
17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya
və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji
körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.
Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000
meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin
inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl”
elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya
və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli
üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər “yaşıl enerji”
tədarükünü təşkil etməyə imkan verəcək.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)



























