Bakı. Trend:
2024-cü ilin yazında yaradılan “SOCAR Green” MMC-nin (SOCAR-ın
törəmə müəssisəsi) Xəzər regionunda yaşıl layihələr həyata keçirmək
üçün iddialı planları var.
Trend-in məlumatına görə, bunu “SOCAR Green” MMC-nin direktoru
Elmir Musayev 29-cu Bakı Enerji Forumu çərçivəsində “Yaşıl
gündəliyin genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq
üçün strategiyalar və COP29” panel müzakirəsi zamanı deyib.
“Biz başa düşürük ki, enerjiyə keçid prosesi asan olmayacaq,
çətinliklər olacaq, lakin ətraf mühitin mühafizəsi məsuliyyətini
dərk etməklə onların öhdəsindən gəlmək lazımdır”, – Musayev
bildirib.
Onun sözlərinə görə, SOCAR Green əsas diqqəti bərpa olunan
enerji və enerji saxlama layihələrinə yönəldəcək.
E.Musayev qeyd edib ki, iyunun 4-də “SOCAR Green” “Masdar”
şirkəti ilə 1 QVt yaşıl enerjiyə dair müqavilə imzalayıb və
layihələrin portfeli digər investorlarla genişləndiriləcək.



























