
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar COP29-la bağlı
ayrıca proqram üzərində işləyir.
Bu barədə Trend-ə
“Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıqov deyib.
“Bildiyiniz kimi, “Masdar” COP28-də fəal iştirak edirdi.
Əslində, şirkət COP-un təşkilinə böyük töhfə verdi. Biz həmçinin
COP29 çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq edirik. COP28-ə
böyük töhfə vermiş “Masdar” mütəxəssisləri təcrübələrini
Azərbaycanla bölüşürlər”, – deyə o bildirib.
M.Sadıqov qeyd edib ki, “Masdar” institutlarından biri olan
“Zayed Sustainability Prize” COP29 çərçivəsində Azərbaycanla
əməkdaşlıq edir.
“Bu şirkətin nümayəndələri hazırda Azərbaycandadırlar və yaşıl
enerji və davamlı inkişaf sahəsində yeni təşəbbüs və layihələri
dəstəkləyirlər. “Masdar” COP29 ilə bağlı ayrıca proqram üzərində
işləyir”, – deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın
11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki
həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın
xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer
Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq üçün imzalanmış sazişdir. COP (Conference of
Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan
olan Tərəflərin Konfransı mənasını verir.
Konvensiyanın tərəfləri kimi 198 ölkə çıxış edir. Tərəflər başqa
cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci
ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda
yerləşir.
X: @Lyaman_Zeyn



























