Advertisement

Maye təbii qaz Azərbaycanın nəqliyyat sektorunun dekarbonizasiyası üçün effektiv yanacaqdır – Ekspert

Bakı. Trend:

Maye təbii qaz (MTQ) Azərbaycanda nəqliyyat sektorunun
dekarbonizasiyası üçün daha səmərəli və əlçatan həll yolu ola
bilər.

Trend xəbər
verir ki, bu barədə “SOCAR Methanol” MMC-nin keçmiş rəhbəri, “yaşıl
texnologiyalar” üzrə müstəqil ekspert Elnur Mustafayev deyib.

“Bir qrup azərbaycanlı ekspert rəhbərliyim altında “SOCAR
Petroleum”da yanacaq dolduran avtomobillərdə mühərrik yanacağı
qismində dizel yanacağı və maye təbii qazdan istifadə etməklə
atmosferə buraxılan karbon dioksid tullantılarını sınaqdan keçirib.
Nəticədə aşkar olunub ki, MTQ faktiki olaraq hazırda Azərbaycanın
nəqliyyat sektorunun dekarbonizasiyası üçün daha cəlbedici həll
yoludur”, – deyə E.Mustafayev bildirib.

Onun fikrincə, MTQ yanacaqdoldurma stansiyalarının sayının
artması ölkənin ekologiyasında və istixana qazlarının azaldılması
üzrə öhdəliklərinin icrasında müsbət əks olunacaq.

Qeyd edək ki, MTQ təbii qazı, əsasən, metanı atmosfer təzyiqində
təbii həcminin bir faizindən az səviyyədək sıxmaq yolu ilə əldə
olunur.

Bu cür maye təbii qaz 200-230 bar təzyiq altında dəstəklənir və
avtomobil mühərriklərində effektiv şəkildə istifadə olunur.

Bakı marşrutlarında istifadə olunan müasir avtobuslar “SOCAR”ın
pilot layihəsi çərçivəsində yanacaq qismində əsasən maye təbii
qazdan istifadə edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun