Bakı. Trend:
Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3
sakini 7 iyun 2024-cü il tarixində “Qarayara” diaqnozu şübhəsi ilə
Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Xəstələrdən birində “Qarayara” diaqnozu təsdiqlənib, tibbi
protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.
Bildirilib ki, digər iki şəxsdən isə “Qarayara” şübhəsi ilə
laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli
İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laborator müayinələrin
nəticələrinə əsasən, digər iki şəxsdə də “Qarayara” xəstəliyi
diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və
tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika
müsbətdir.
Qeyd edək ki, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi,
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional
bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri
İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı
kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı
lokallaşdırılıb və yeni yoluxma halları qeydə alınmayıb.
Məlumat üçün bildiririk ki, “Qarayara” xəstəliyi zoonoz
infeksiyadır və insandan insana ötürülmür.





























