Advertisement

Xəzər dənizi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir – COP29-un prezidenti

Bakı. Trend:

Son iyirmi il ərzində Xəzər dənizinin səviyyəsində müşahidə
olunan azalma təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir və
qlobal istiləşmənin mənfi nəticələrinin əyani sübutudur.

Trend xəbər
verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un
prezidenti Muxtar Babayev ADA Universitetində ilk dəfə keçirilən
“Caspian Blue Horizons” tədbiri çərçivəsində “COP29 ərəfəsində
iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin
sinerjisi” mövzusunda keçirilən müzakirələrdə deyib.

“Caspian Blue Horizons Workshop ” seminarının əsas məqsədi
tətbiqi elmlər sahəsində ekspertlər və biznes nümayəndələri
arasında əməkdaşlığa imkan yaratmaqdır. Onların qarşılıqlı
fəaliyyəti Xəzər dənizində suyun səviyyəsinin azalması və ekoloji
dəyişikliklərlə bağlı problemlərin həlli üçün innovativ həllərin və
effektiv strategiyaların işlənib hazırlanmasına kömək edəcək”, – o
deyib.

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin nümayəndələri Tehranda
imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə
Konvensiyası çərçivəsində monitorinq, qiymətləndirmə və məlumat
mübadiləsinə dair Protokolun müzakirəsi üçün vaxtaşırı bir araya
gəlirlər.

“Bu məsləhətləşmələr Xəzər dənizində ekoloji vəziyyətin
monitorinqi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a ev
sahibliyi edəcək ölkə olaraq seçildiyi gündən regionun digər
ölkələri və maraqlı tərəflərlə də aktiv şəkildə qarşılıqlı
fəaliyyət göstərir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, COP29-a sədrlik çərçivəsində bütün
tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində
bir çox görüşlər keçirilib.

“Noyabrda СОР29-a uğurla ev sahibliyi etmək üçün bu qarşılıqlı
fəaliyyəti davam etdirəcəyik”, – deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun