
Bakı. Trend:
Səhiyyə Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan
üzrə ölkə direktoru Məryəm Xan ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif
ixtisaslaşmış strukturları, həmçinin UNFPA ilə səmərəli əməkdaşlıq
etdiyini vurğulayıb. Teymur Musayev Azərbaycanın BMT-nin Əhali
Fondu ilə bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində də
səmərəli əməkdaşlığını qeyd edib.
Nazir, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini vurğulayıb.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsini diqqətə çatdıran Teymur Musayev, cari ildə milli və
qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim
dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.
Sonda nazir Azərbaycan ilə BMT-nin Əhali Fondunun birgə
fəaliyyətinin gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəyinə
əminliyini ifadə edib.
Məryəm Xan Azərbaycan ilə bu təşkilat arasında əldə olunan
tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə,
UNFPA demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin
təşviqi və qadınların sağlamlığının qorunmasına yönələn çoxşaxəli
təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa
sadiqliyini bir daha təsdiqləyir.
Məryam Xan, həmçinin Azərbaycanı COP29-un ev sahibliyi edəcəyi
münasibətilə təbrik edib. Onun sözlərinə görə, cari il üçün
prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədilə
BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılan iqlim
dayanıqlılığı səylərinə veriləcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılıb.





























