Advertisement

BMT-nin İqlim Dəyişmələri Konfransında bir qrup xarici QHT Azərbaycanla bağlı bəyanat yayıb

Bakı. Trend:

Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında
iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün
maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini
təqdir edən bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və
ictimai fəal imza atıb.

Bonn bəyanatında nələr var?

Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti
təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru
istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29
sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz
dəstəyimizi bildiririk. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq,
təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri
danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı
ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü
iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların,
xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların
narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan
COP29-a sədrlik və evsahibliyi edəcək Azərbaycanın bütün maraqlı
tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox
əhəmiyyətlidir”.

“Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi
edəcəyinə inanırıq”

Xarici QHT-lərin Bonn bəyanatında həmçinin qeyd edilir ki,
“həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli
xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində
eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. İqlim
fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu
dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə
fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını
prioritetləşdirməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a
ev sahibliyi edəcəyinə inanırıq”.

Bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın
ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla
insanın, o cümlədən inkişaf etməkdə olan Kiçik Ada dövlətlərinin
iqlim dəyişmələri ilə bağlı çətinliklərini dilə gətirməsi, həlli
üçün ardıcıl səy göstərməsi xüsusi vurğulanır. Bundan başqa, COP29
üzrə iqlim dəyişikmələrinin həllində qlobal liderliyi öz üzərinə
götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər
götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı
üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar
atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır:
“Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri
iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı
tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki,
COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa
vuracaq”.

Bəyanatın tam mətni ilə buradan tanış olmaq mümkündür.

Rəqəmlər danışır

Son vaxtlar COP29-la əlaqədar Azərbaycana xarici QHT-lərdən
ardıcıl dəstək bəyanatları gəlir. Beləliklə, son 4 ayda 50-dən çox
ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə
bəyanatlar yayaraq Azərbaycanın COP29 üzrə qlobal liderliyini
təqdir edib. Bu təşkilatlar içərisində inkişaf etməkdə olan
regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə
olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inkişaf
etməkdə olan dünyanın problemlərini ardıcıl şəkildə qaldırması,
qlobal təşəbbüslərlə çıxış etməsi dünyanın müxtəlif regionlarda
böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana olan
rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid
yeri kimi yanaşılması da bunun bariz nümunələrindən biridir.