Advertisement

Əhməd barəsində cinayət işi üzrə istintaq yekunlaşıb

Bakı. Trend:

Cari il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə
təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində
Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai
istintaq tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş
vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin
xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar
prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin
digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və
psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs
Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə
olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı
şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli
məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov,
1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü
bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı
Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı
Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi
amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət
Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar
şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə)
maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika
Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə
baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.