Advertisement

Aİ-92 markalı benzinin standartlarının yüksəlməsi Azərbaycanın “yaşıl” gələcəyinə mühüm investisiyadır

Bakı. Trend:

Son illərdə Azərbaycan özünün neft emalı sənayesinin
modernizasiyası üzrə tədbirləri fəal şəkildə həyata keçirir ki,
“yaşıl” keçidə doğru qlobal səylər kontekstində xüsusən vacibdir.
Lakin bu səylərə baxmayaraq, Aİ-92 markalı benzin və dizel yanacağı
bazarda üstünlük təşkil etməkdə davam edir ki, bu da ölkənin
ekolojiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə ləngidir.
İstehlakçıları daha ekoloji yanacaq növlərinə keçid etməkdən
çəkindirən əsas amillərdən biri də Aİ-92 markalı benzinin nisbətən
aşağı keyfiyyəti səbəbindən qiymətinin əlçatan olmasıdır.

Aİ-92 markalı benzin və dizel yanacağının istifadəsi ətraf
mühitə ciddi mənfi təsir göstərir. Bu yanacaq növləri yandırıldıqda
azot oksidləri (NOx), karbohidrogenlər (HC) və bərk xırda
hissəciklər (PM) kimi çoxlu miqdarda zərərli maddələr buraxır ki,
bu da havanın çirklənməsinə səbəb olur və əhalinin sağlamlığına
mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
məlumatına görə, havanın çirklənməsi hər il 4 milyondan çox insanın
erkən ölümünə səbəb olur. Xüsusən dizel yanacağı ağciyərlərə və
hətta qan axınına dərindən nüfuz edərək, ürək-damar və tənəffüs
yolu xəstəliklərinə səbəb olan bərk xırda hissəciklərin əsas
mənbəyidir.

Eyni zamanda, Aİ-95 markalı benzin Aİ-92 ilə müqayisədə bir sıra
üstünlüklərə malikdir. Onun tərkibində qarışıqlar daha azdır və
oktan sayı daha yüksəkdir ki, bu da yanacağın daha tam və səmərəli
yanmasına kömək edir. Bu isə öz növbəsində atmosferə buraxılan
zərərli tullantıların azalmasına səbəb olur. Tədqiqatlar göstərir
ki, Aİ-95 benzininin istifadəsi Aİ-92 ilə müqayisədə karbon qazı
(CO2) emissiyalarını 10-15 faiz, həmçinin, NOx və HC emissiyalarını
5-10 faiz azalda bilər.

Qeyd etmək lazımdır ki, 2024-cü il iyunun sonunadək Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodu Avro-5 ekoloji standartına
uyğun avtomobil benzini istehsalına başlayacaq ki, bu da yanacağın
keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımdır. Zavod
artıq 2023-cü ilin may ayında Avro-5 standartına uyğun dizel
yanacağının istehsalına başlayıb. Daha yüksək ekoloji standartlara
bu keçid zərərli maddələrin emissiyalarının əhəmiyyətli dərəcədə
azalmasına səbəb olacaq.

Bununla yanaşı, Aİ-92 markalı benzinin keyfiyyətinin və
qiymətinin artırılması ekoloji vəziyyəti yaxşılaşdırmaq və
avtomobil yanacağından istifadənin səmərəliliyini artırmaq istəyən
bir çox ölkələr üçün aktual mövzudur.

Almaniya yanacağın keyfiyyətinin yaxşılaşdırılması üzrə
proqramları aktiv şəkildə həyata keçirən ilk Avropa ölkələrindən
biridir. Avropa standartları çərçivəsində Almaniyada benzin artəq
çoxdan yüksək oktanlı yanacaq növlərindən istifadəni nəzərdə tutan
Avro-5 və Avro-6 standartlarına uyğundur. 2011-ci ildə Almaniya
tərkibində karbon dioksid emissiyalarını azaldan 10% bioetanol olan
E10 benzinini fəal şəkildə təşviq etməyə başladı.

ABŞ-də də benzinin keyfiyyətinin yaxşılaşdırılması və aşağı
oktanlı yanacaqlardan imtina prosesi inkişaf edib. 2007-ci ildə ABŞ
Konqresi bioyanacaqdan istifadəni təşviq edən Bərpa olunan yanacaq
növləri haqqında Qanun (Renewable Fuel Standard) qəbul etdi.
Yaponiya yüksək oktanlı benzin növlərinin istifadəsini fəal şəkildə
təşviq edir. Ölkədə uzun müddətdir ki, oktan dərəcəsi 95-dən aşağı
olan benzindən istifadə olunmur. Yaponiya karbon emissiyalarını
azaltmaq strategiyası çərçivəsində həmçinin hibrid və elektromobil
texnologiyalarını inkişaf etdirir.

Çin dünyada avtomobil yanacağının ən böyük istehlakçılarından
biridir. Son illərdə ölkə yanacağın keyfiyyətini yaxşılaşdırmaqla
zərərli emissiyaların azaldılması istiqamətində aktiv şəkildə
çalışır. 2017-ci ildə Çin Avropanın Avro 5 və Avro 6 standartlarına
ekvivalent olan yeni yanacaq keyfiyyət standartlarını tətbiq
etdi.

Bu nümunələr müxtəlif ölkələrin benzinin keyfiyyətinin
yaxşılaşdırılması və aşağı oktanlı yanacaq növlərindən imtina
məsələlərinə necə yanaşdığını göstərir. Bunlar həm qanunvericilik
tədbirləri, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına və
avtomobil yanacağından istifadənin səmərəliliyinin artırılmasına
yönəlmiş bazar stimullarıdır.

Əlbəttə, ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlər də
yanacaq bazarlarına təsir göstərir. Beləliklə, “Fitch Solutions”
yaxın illərdə benzin qiymətlərinə cüzi artırıcı təzyiqin olacağını
proqnozlaşdırır. Bu, yüksək keyfiyyət standartları və ekoloji
normalarla əlaqədar xərclərin artrması ilə izah olunur. Lakin bu
təsir yanacaq səmərəliliyi sahəsində irəliləyiş və elektrik
avtomobillərinə tədricən keçidlə yumşalacaq ki, bu da ümumi tələb
artımını ləngidə bilər.

“BMI Research” benzinin qiymətlərinin bölgədən asılı olaraq
əhəmiyyətli dərəcədə fərqlənəcəyini vurğulayır. İnkişaf etmiş
bazarlarda ciddi ekoloji normalar və daha yüksək istehsal xərcləri
səbəbindən daha yüksək qiymətlər müşahidə oluna bilər, inkişaf
etməkdə olan bazarlarda isədaha ləng qiymət artımı müşahidə oluna
bilər, belə ki, bu iqtisadi artımı yanacağın əlçatanlığı ilə
balanslaşdırır.

Beləliklə, benzinin qiymətinin dünya üzrə nisbətən sabit
qalacağı gözlənilsə də, regional fərqlər və konkret bazar şərtləri
qiymət tendensiyalarının dəyişməsi ilə nəticələnəcək. Əsas amillərə
xam neft qiymətləri, qanunvericilikdə dəyişikliklər, texnoloji
nailiyyətlər və alternativ enerji mənbələrinə davam edən keçid
daxildir.

Hazırda dünyada elektromobillərə keçid prosesi sürətlənir ki, bu
da ekoloji cəhətdən təmiz yanacağa keçidin mühüm elementidir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə əsasən,
2024-cü ildə dünyada elektromobil satışları 17 milyon ədəd ola
bilər, 2023-cü ildə isə dünyada 14 milyon elektromobil satılıb
(2022-ci illə müqayisədə 35 faiz artım).

“2020-ci ilə qədər Çin yollarında hər üçüncü avtomobil, ABŞ və
Aİ-də isə hər beşinci avtomobil elektriklə işləyəcək”, – IEA belə
hesab edir.

Qeyd olunur ki, rəqabət və innovasiyalar dünyada
elektromobillərin qiymətinin ucuzlaşmasına səbəb olacaq ki, onların
satışlarını artıracaq. Elektromobillər üçün enerji doldurma
cihazlarına gəlincə, 2023-cü ildə dünyada onların istehsalı 2022-ci
illə müqayisədə 40 faiz artıb, IEA-nın proqnozlarına görə isə
2035-ci ilədək dünyada 2023-cü illə müqayisədə altı dəfə çox enerji
doldurma stansiyaları olacaq.

Azərbaycanda bir neçə ildir ki, ətraf mühitə zərər verməyən,
yəni elektrik ötürücülü və ya hibrid mühərrikli avtomobillərdən
istifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirilir. Bu
cür avtomobillərə, eləcə də, onlar üçün enerji doldurma cihazlarına
vergi və gömrük güzəştləri şamil olunur. Bu, ölkəyə bu cür
avtomobillərin idxalının artmasına səbəb olub və olacaq.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarına
görə, cari ilin yanvar-aprel aylarında elektrik mühərrikli
nəqliyyat vasitələrinin idxalı ötən ilin müvafiq dövründəki 568
ədədlə müqayisədə 1012 ədəd təşkil edib ki, bu da 1,8 dəfə artım
deməkdir.

Hibrid avtomobillərin idxalı ötən ilin eyni dövründəki 4474
ədədlə müqayisədə 14 faizdən çox artım nümayiş etdirərək 5111 ədəd
olub. 2023-cü ilin yekunlarına görə, hibrid avtomobillərin və
elektromobillərin idxalı müvafiq olaraq 3102 və 14098 ədəd təşkil
etdiyi halda, 2022-ci ildə bu rəqəmlər 486 və 11337 ədəd olub.

Bu müsbət tendensiya davam edərsə, yaxın illərdə ölkənin
nəqliyyat parkında elektromobillərin payı əhəmiyyətli dərəcədə
artacaq.

Elektromobillərin sayının artmasına paralel olaraq daha çox
enerji doldurma stansiyaları yaradılır.

Prezident İlham Əliyev bu ilin martında elektromobillərdən
istifadənin təşviqi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun
olaraq, “Azərişıq” ASC bu istiqamətdə işləri davam etdirir. COP29
paytaxtda və ölkənin bölgələrində sabit elektrik enerjisi ilə təmin
olunan enerji doldurma məntəqələrinin zəruri infrastrukturu
yaradılır.

Enerji doldurma stansiyaları “yaşıl” enerji ilə işləyir.
“Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək quraşdırılmış gücə və
sürətə malik, qısa müddət ərzində elektromobilləri sabit cərəyanla
keyfiyyətli elektrik enerjisi ilə doldurur.

Bu ilin mart-may aylarında paytaxt ərazisində “Azərişıq” ASC-nin
Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər”
yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən
110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdəkan yolu
üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma
işləri başa çatıb.

Regionlardan Qəbələdə 110/35/10 kV-luq “Hacıalılı”
yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci
kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə –
Zəngilan və Cəbrayıl elektrik şəbəkələrinin rəqəmsal idarəetmə
mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli”
rəqəmsal yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq
yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da
həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.

2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmiş
Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı istiqamətində
ciddi addımlar atılır. “Yaşıl” enerji zonasına çevriləcək Qarabağ
və Şərqi Zəngəzurda enerji doldurma stansiyalarının quraşdırılması
bu layihələrin davamıdır. Alternativ enerji mənbələrindən istifadə
və elektromobillərə marağın daima artması Azərbaycanın, xüsusən də
Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsir
göstərəcək.

Aİ-92 markalı benzinindən istifadə mövzusuna qayıdaraq qeyd
etmək lazımdır ki, Azərbaycanda uğurlu “yaşıl” keçidi gücləndirmək
üçün bu yanacaq növünün keyfiyyətini artırmaq lazımdır. Bu, Aİ-95
kimi daha təmiz yanacaq növlərinə keçidi təşviq edəcək və havanın
çirklənməsini əhəmiyyətli dərəcədə azaldacaq.

29 aprel 2024-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycan
benzinin qiymətinin ən münasib olduğu ölkələr sırasında yer alıb.
“Global Petrol Prices” portalının məlumatına görə, Azərbaycanda
benzinin qiyməti 1 litr üçün 0,588 dollar təşkil edir. Azərbaycanın
Liviya, Venesuela, Misir və digər ölkələrlə yanaşı, ən ucuz benzinə
malik ölkələr sırasına daxil olması yanacağın keyfiyyətinin
yaxşılaşdırılması üçün bu iqtisadi imkandan istifadənin vacibliyini
vurğulayır.

Digər ölkələrin nümunələri göstərir ki, yanacağın keyfiyyət
standartlarının artırılması qiymətlərdə müəyyən artımlara səbəb ola
bilər. Misal üçün, Almaniyada Avro 5 və Avro 6 standartlarının
tətbiqi benzinin qiymətinin artması ilə müşayiət olundu, lakin bu
həm də ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək
etdi. Norveç və İsveçdə analoji tədbirlər qiymətlərin artmasına
səbəb oldu, lakin həm də zərərli emissiyaların azalması və
alternativ enerji mənbələrindən istifadənin təşviqi ilə
nəticələndi.

Azərbaycanda benzinin keyfiyyətinə dair daha ciddi standartların
tətbiqi ilkin olaraq xərclərin artmasına səbəb olsa da,
uzunmüddətli iqtisadi və ekoloji faydalarla nəticələnə bilər. Bu
strateji dəyişiklik təkcə havanın keyfiyyətinin və əhalinin
sağlamlığının yaxşılaşdırılmasına kömək etməyəcək, həm də daha
dayanıqlı və təmiz enerji mənbələrinə keçidi sürətləndirəcək ki, bu
da karbon emissiyalarının azaldılması üzrə qlobal tendensiya və
öhdəliklərə uyğundur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun