Advertisement

AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrası bu istiqamət üzrə ölkəmizin əsas elmi bazasıdır – Akademik Ə.Abbasov (FOTO)

Bakı. Trend:

2022/2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında
“Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin
inteqrasiyasının təmin edilməsi” fəaliyyət istiqamətinə əsasən
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesi davam
edir. Bu proses çərçivəsində AzMİU ilə Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu arasında əlaqələrin daha da
dərinləşdirilməsi, yeni layihələrin işlənilməsi, birgə
tədqiqatların aparılması, kadr potensialının gücündən birgə
istifadə və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilməsi
prosesinə dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və
İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli
Abbasov imzalayıblar.

Müqavilənin imzalanması və iki qurum arasındakı əməkdaşlıq
istiqamətlərini müzakirə etmək üçün akademik Əli Abbasovun
rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da qonaq olub.

Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova AzMİU
ilə İdarəetmə Sistemləri İnstitutu arasındakı əməkdaşlığın tarixinə
və səmərəliliyinə diqqət çəkib: “Ölkəmizdə elm və təhsilin
inteqrasiyası, universitetlərin tədqiqatyönümlü ali təhsil
müəssisəsinə çevrilməsi üçün əlverişli mühitin formalaşıb.
AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının
elmi potensialına və alimlərimizin İdarəetmə Sistemləri İnstitutu
ilə əməkdaşlığını nəzərə alsaq, deyə bilərik ki, əlaqələrimizin
genişləndirilməsi üçün heç bir maneə yoxdur. Əksinə, yeni strateji
hədəflərə uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunun Elm və
Təhsil Nazirliyinin tabeliyinə keçirilməsi, bununla da hər iki
qurumun eyni struktura tabeliyi daha sürətli inteqrasiya, tədqiqat
nəticələrinin mübadiləsi imkanı yaradıb”.

Professor Gülçöhrə Məmmədova başda akademik Telman Əliyev
olmaqla İnformasiya texnologiyaları və sistemləri kafedrasının bir
neçə aliminin həm də İdarəetmə Sistemləri İnstitutunda çalışmasını
müsbət hal kimi qiymətləndirib və institut alimlərinin də AzMİU-da
tədris prosesində iştirakının arzu edilən olduğunu bildirib.

Akademik Əli Abbasov səmimi görüşə görə təşəkkürünü bildirib və
AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmə missiyasının ölkə
elmi adına çox sevindirici hal olduğunu qeyd edib: “AzMİU-nun
İnformasiya texnologiyaları və sistemləri kafedrası bu istiqamət
üzrə ölkəmizin əsas baza kafedrasıdır. Bu kafedrada yetişən alimlər
ölkəmizin müxtəlif qurumlarında, xüsusilə İdarəetmə Sistemləri
İnstitutunda üstünlük təşkil edirlər. Hesab edirəm ki, bu
kafedranın mövcudluğu bizim əməkdaşlığımız üçün geniş imkanlar
yaradır və biz bu imkanlardan istifadə edərək elmin təhsilə
inteqrasiyasını daha da sürətləndirə bilərik”.

Baş direktor əlavə edib ki, elmin təhsilə inteqrasiyası və
universitetlərlə əlaqələrin genişləndirilməsi, o cümlədən AzMİU ilə
əməkdaşlıq institutun elmi-texniki kəşflərinin, tədqiqat
nəticələrinin sənayedə tətbiqini də sürətləndirəcək.

AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının
müdiri akademik Telman Əliyev və tədris işləri üzrə prorektor
professor Akif Qasımov isə çıxışlarında əməkdaşlığın elmi
potensialın gücləndirilməsi ilə yanaşı, kadr hazırlığı prosesinə də
müsbət təsir göstərəcəyini deyiblər.

AzMİU-nun İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Sərxan
Talıbzadə təqdimatla çıxış edərək universitetin
rəqəmsallaşdırılması ilə bağlı görülən işlərdən danışıb.

Daha sonra AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları
fakültəsinin laboratoriyalarına baxış keçirilib. Aparılan
tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumat verilib.

Qeyd edək ki, ölkəmizdə elmi potensialı yüksək olan tədqiqat
universitetlərinin yaradılması hədəflənib. Qarşıya qoyulan
hədəflərə çatmaq üçün AzMİU-da sistemli inteqrasiya işləri həyata
keçirilir. Yeni tədqiqat laboratoriyalarının yaradılması, aktiv
elmi-tədqiqatla məşğul olan alimlərin sayının artırılması ilə
yanaşı, AzMİU-nun elmi-tədqiqat institutları ilə mövcud əlaqələri
daha da inkişaf etdirilir, yeni əməkdaşlıqlar qurulur. İdarəetmə
Sistemləri İnstitutu ilə yanaşı, Riyaziyyat və Mexanika, Radiasiya
Problemləri institutları ilə əməkdaşlıq bunun bariz
nümunəsidir.