Bakı. Trend:
ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra öz
fəaliyyətini de-fakto dayandırıb.
Trend “TASS”
agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş
naziri Nikol Paşinyan deyib.
“ATƏT-in Minsk qrupu bir növ siyasi leksikonumuzda ikonadır.
Lakin biz anlayırıqmı ki, ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci
ilin fevralından sonra və hətta bundan əvvəl bir-biri ilə
ünsiyyətdə olmayıblar? Başqa sözlə desək, ATƏT-in Minsk qrupu
faktiki olaraq mövcud deyil”, – deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 6-da TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə
görüşündə bildirib ki, Azərbaycan Ermənistan tərəfinə Minsk qrupu
ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təkif
edib.
“Minsk qrupu 28 il guya Qarabağ problemini həll etməyə
çalışırdı. Əslində isə bunu dondurmağa çalışırdı və BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız parçasından başqa bir şey
deyildi. Biz isə ona görə bu gün öz haqqımızı, ərazi bütövlüyümüzü
döyüş meydanında, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində
həll etdik. Ancaq o da həqiqətdir, sənin gücün olmalıdır ki, öz
haqqını müdafiə edə biləsən.
Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz
hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır.
Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana
qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və
Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii
ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki,
Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk
qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi
fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan
verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən bu, ləğv edilsin
və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər
Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli,
onların bizə qarşı ərazi iddiaları davam edir”, – dövlət başçısı
deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























