Advertisement

Latviyanın Baş prokuroru Azərbaycanda səfərdədir

Bakı. Trend:

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının
Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti
ölkəmizə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, ilk öncə nümayəndə heyəti Fəxri Xiyabana
gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla
yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan
Baş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin
uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın
genişlənməsinin vacibliyini vurğulayıb. Kamran Əliyev ötən ilin
fevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə
keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin
prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının
möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması
istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam
şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə
Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə
həmkarına məlumat verib.

Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris
Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun
olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında
əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd
edib.

Tərəflər ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar
və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar
Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq
mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata
keçirildiyini vurğulayıb.

Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının –
COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq
Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi
yığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən
korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər
sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və
aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin
qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın
gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.

Görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Edqars Skuya iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.