Advertisement

Bakıda bu ərazilərdə 10 meqa park salınır

Bakı. Trend:

Son illər ərzində Bakı şəhərində 400-ə yaxın yeni park salınıb
və prosses davam etməkdədir. Qürur hissi ilə deyə bilərik ki, bu
istiqamətdə görülən işlər sayəsində paytaxtımız MDB-nin digər
şəhərlərindən seçilir.

Trend xəbər verir ki, Bakı şəhəri ərazisində 10 meqa parkın
salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi
artırılır. Ölkə başçısının müvafiq sərəncamı ilə Mərkəzi Nəbatat
parkında və həmçinin Mərdəkandakı Dendralogiya parklarında əsaslı
təmir-yenidənqurma işləri görülür və ilin sonuna kimi burada işlər
başa çatdırılması nəzərdə tutulub.

Bir neçə il əvvəl salınmış “Gənclik”, “Nizami Gəncəvi”,
Yasamaldakı Meşə-park, Mərkəzi və Qış parkları, “Çəmbərəkənd”
parklarında sakinlərimiz və şəhərimizə gələn çoxsaylı qonaqların
istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq
əyləncə qurğuları quraşdırılıb.

Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində
bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və
tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar
salınır. Hazırda Xətai rayonunda yerləşən “Sevgi” parkının
genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin
əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında
yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və
ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud
qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə
onların köçürülməsi prossesi həyata keçirilir.

Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq
işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy
Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna
sahəsinin ərazisində yeni meqapark salınır, Nərimanov parkının
əsaslı təmir-yenidən qurulması aparılır. Eyni zamanda Xaqani
bağında təmir-yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi
Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin
kəsişməsində 12 ha sahədə yeni park salınır.

Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma
işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb və
işlərə başlanacaqdır.
Qeyd edilənlərlə yanaşı paytaxtın daha da yaşıllaşdırılması və
gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhərin əsas
küçə və prospektləri boyunca, mövcud park və istirahət bağlarında
yeni ağaclar, həmişəyaşıl kollar və rəngbərəng güllər əkilir,
güllərdən müxtəlif kompozisiyalar düzəldilir. Yol kənarlarındakı
işıq dirəklərinə və eyvanlara gül əkilən kaşpolar qoyulur.