
Bakı. Trend:
Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29
konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə
müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda
paytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə
və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətində
göstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizə
təsirləri də dəyərləndirilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən
Trend-ə bildirilib ki, bu istiqamətdə COP29 Azərbaycan Əməliyyat
Şirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə və
iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin
edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elan
edib.
“Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq
mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş
etdirən və fərqlənən universitet məzunlarını tanımaq və
dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın
əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.
Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və
özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların
dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərin
həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir
platforma rolunu oynayacaq.
İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul
edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət,
layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi
yumşaq bacarıqlara yiyələnmək üçün muvafiq mütəxəssislərin iştirakı
ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının
iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək
COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə
verməyə cəlb ediləcəklər.
2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdən
məzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan və
əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil
bilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü il
tarixinədək linki vasitəsilə ərizə formasını dolduraraq
qeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilən
namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumat
üçün www.cop29.az, [email protected] və ya +994125352928 müraciət
oluna bilər.
Ümumilikdə, qeyd edilməlidir ki, tədbir həm gənclər, həm ölkənin
ümumi işçi qüvvəsinə əsaslı şəkildə təsir edəcək. Bu xüsusda
ölkəmiz öz fəaliyyəti ilə paytaxt Bakı və onun hüdudlarından
kənarda insan kapitalının formalaşması, infrastrukturun
təkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi kimi
istiqamətlərdə əldə edilən nailiyyətləri tədbirdən sonra da miras
olaraq buraxmağı hədəfləyir”, – məlumatda deyilir.


























