Advertisement

COP29 Azərbaycanın xarici siyasətinin prioritetləri baxımından vacib əhəmiyyət daşıyır – ŞƏRH

Bakı. Trend:

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı dünya
əhəmiyyətli tədbirdir.

Bunu Trend-in suallarını cavablayarkən Prezident
yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar
Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, dünyada çox aktual və vacib məsələlərin
müzakirəsini təşkil edən az sayda qlobal platforma var.

“Bunlardan biri də COP tədbirləridir. Ötən il Birləşmiş Ərəb
Əmirliklərində keçirilən COP28 tədbirində bir sıra məsələlərlə
bağlı fikir ayrılığı yaranmışdı. Bunların aradan qaldırılması üçün
Bakıdakı tədbirə böyük ehtiyac və gözləntilər var. Bu, həm inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında müəyyən məsələlərlə
bağlı fikir ayrılığının aradan qaldırılması ilə bağlıdır.

Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və
alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə
bağlı bəyanatın imzalanması üçün böyük şans var. Bakıda COP29
konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı
ilə mümkün olub”.

Ekspertin sözlərinə görə, məlumdur ki, 2009-cu ildə Kopenhagendə
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim
dəyişiklikləri ilə mübarizəyə görə yardımın əsas hədəfləri ilə
bağlı rəqəm müəyyənləşdirilib.

“İndiki məqsəd Bakıda 100 mlrd. dollardan sonrakı rəqəmin hansı
rəqəm olacağı barədə ortaq məxrəcə gəlməkdir. Azərbaycanın imici,
xarici siyasətin prioritetləri baxımından COP29 olduqca vacib
əhəmiyyət daşıyır. Bakıda keçiriləcək tədbirdə də, heç şübhəsiz,
dünyada mövcud olan çağırışların həlli yolları, inkişaf
tendensiyaları əsas müzakirə mövzularından olacaq. Ümumiyyətlə,
dünyanın gözü Bakıda olacaq. Ölkəmizə 10 minlərlə xarici nümayəndə
gələcək. Ölkəmizin üzərinə böyük vəzifə düşür. Azərbaycan bu
vəzifənin öhdəsindən layiqincə gələcək”, – deyə o bildirib.