Bakı. Trend:
Türkiyə Azərbaycana 100 min iynəyarpaqlı və yarpaqlı ağac tingi
göndərib.
Trend-in xəbərinə görə, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və
Meşəçilik Nazirliyi yanında Meşəçilik idarəsindən məlumat
verilib.
Tinglər Eskişehir, Konya, Mersin, Şanlıurfa və Sakarya
əyalətlərində meşə təsərrüfatında yetişdirilib.
İdarədən verilən məlumata görə, Bakıda və Azərbaycanın Qarabağ
bölgəsində qardaş dövlətin ekologiyasına töhfə verəcək tinglərin
əkilməsi nəzərdə tutulub.
Bundan əlavə, İdarə təhlükəli zərərvericiyə – “qatil arı” da
adlandırılan (Dryocosmus kuriphilus) həşərata qarşı mübarizədə
Azərbaycana dəstək planlarını bölüşüb.
Vətəni Çin olan bu zərərverici 2014-cü ildə Türkiyədə aşkarlanıb
və o vaxtdan ölkənin müxtəlif bölgələrində meşələrə və meyvə
bağlarına ciddi ziyan vurub.
Bu arılarla mübarizədə onların təbii düşmənlərindən geniş
istifadə olunur.
Meşəçilik idarəsi bildirir ki, bu il təbiətdə “qatil arı”larla
qidalanan 50 min yırtıcı həşərat da Azərbaycana göndərilib.
Türkiyədən olan mütəxəssislər azərbaycanlı həmkarları üçün
“qatil arılar”la effektiv mübarizə mövzusunda təlimlər təşkil
edirlər.





























