
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin
idarəetmə və resurslar üzrə müavini Riçard Verma ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Paşinyan və Verma Azərbaycan və Ermənistan
arasında sülh sazişi ilə bağlı danışıqlar, sərhədlərinin
delimitasiyası prosesi və “Dünyanın kəsişməsi” layihəsini müzakirə
edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti məlumat yaymışdı ki, ABŞ
dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma
17-19 iyun tarixlərində Ermənistanda səfərdə olacaq. O,
ABŞ-Ermənistan demokratiya üzrə yerli hökumət orqanlarının
forumunda iştirak edəcək, baş nazir Nikol Paşinyan və xarici işlər
naziri Ararat Mirzoyanla görüşəcək.
“Bu səfər erməni xalqı ilə ikitərəfli əlaqələrimizi daha da
gücləndirmək öhdəliyimizi əks etdirir. Dövlət katibinin müavini
Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya
ştatlarını təmsil edən rəsmilərdən ibarət nümayəndə heyətinə
rəhbərlik edəcək. Onu bu səfərdə bu yaxınlarda Dövlət
Departamentində yaradılmış alt-milli diplomatiya komandasına
rəhbərlik edən Nina Xaçiqyan, eləcə də, kommersiya və işgüzar
məsələlər üzrə xüsusi nümayəndə Sara Morqentau müşayiət edəcək”, –
ABŞ Dövlət Departamentinin məlumatında deyilirdi.
Qeyd olunmuşdu ki, nümayəndə heyəti dövlət və özəl sektorun
nümayəndələri ilə, eləcə də, vətəndaş cəmiyyəti təşkilatları ilə
müzakirələr aparacaq.





























