Advertisement

Əhmədin yoxlanılması başa çatıb, gələn ay cavab bilinəcək

Bakı. Trend:

Ailəsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun
psixi xəstə olmasının müəyyənləşdirilməsi və hadisə zamanı anlaqlı
olub-olmaması məqsədilə keçirilən tibbi ekspertiza yekunlaşıb.

Trend-in əldə etdiyi məlumata görə, Ə.Əhmədov təcridxanaya geri
qaytarılıb.

Ə.Əhmədovun tibbi ekspertizası ilə bağlı rəy gələn ay istintaq
orqanına təqdim olunacaq.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd
Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı
qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il
təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə
yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai
Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox
şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov
prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.