Advertisement

Bakıda həbs olunan qırğızlardan birinin keçmiş dövlət məmuru olduğu ortaya çıxıb (FOTO)

Bakı. Trend:

Bakıda həbs olunan 4 nəfər Qırğızıstan vətəndaşından birinin –
Rayımbek Matraimovun Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisinin
keçmiş müavini olduğu ortaya çıxıb.

Trend xəbər
verir ki, bu barədə “The Insider”məlumat yayıb.

Məlumata görə, Rayımbek Matraimov qardaşı Tilek Matraimovla
birlikdə dövlətə məxsus təyyarədə Bakıdan Bişkekə çatdırılıb.
Bundan başqa, sözügedən şəxslərin digər 2 qardaşı – İsgəndər və
İslam Matraimovlar da Bişkekdə Qırğızıstanın Dövlət Milli
Təhlükəsizlik Komitəsi tərəfindən saxlanılıb.

Qeyd olunub ki, Matraimov qardaşları Qırğızıstan hökumətinə
sui-qəsd etməyi planlaşdıran transmilli mütəşəkkil cinayətkar dəstə
ilə əlaqədə şübhəli bilinirlər.

Xatırladaq ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının
23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız
Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs
qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti
hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət
göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış
məlumatı Qırğız tərəfinə təqdim edib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində
saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin
isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək
məhkum olduğu müəyyən edilib: “Həmçinin, Qırğız Respublikası
hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan
şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız
Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri
müəyyən edilmiş və onlar Qırğız Respublikasının aidiyyəti
hüquq-mühafizə orqanlarına təhvil veriliblər.