
Bakı. Trend:
Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü
Xasanov Siyavuş Xalimoviçin və 1990-cı il təvəllüdlü Abduraximov
Sarvar Kamolitdin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün
verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin
edilib.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq
dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq
axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart
ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında
saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən
təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul
edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına
təhvil verilib.





























