Advertisement

Kahramanmaraşda bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və şəhidlərinin adları verilib (FOTO)

Bakı. Trend:

Türkiyədə 2023-cü il 6 fevral zəlzələlərindən sonra
Kahramanmaraş vilayətində azərbaycanlı iş adamlarının qurduğu
konteyner şəhərdə bir sıra küçələrə Azərbaycanın şəhərlərinin və
şəhidlərinin adları verilib.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu çərçivədə bəzi Azərbaycan qeyri-hökumət
təşkilatlarının yaratdığı “Qardaş Köməyi” platforması tərəfindən
Türkoğlu rayonundakı logistika mərkəzində 453 konteynerdən ibarət
Azərbaycan Türkiyə Qardaşlıq Müvəqqəti Sığınacaq Mərkəzi
qurulub.

Kondisionerdən çarpayıya, soyuducudan xalçaya qədər bütün
interyer ləvazimatları azərbaycanlı iş adamları tərəfindən təmin
edilən və 1700 zəlzələ qurbanının məskunlaşdığı müvəqqəti sığınacaq
mərkəzində 39 küçəyə Azərbaycanla Ermənistan arasında gedən
gərginlik və müharibələr zamanı ən çox itki verən şəhərlərin və
şəhidlərin adları verilib.

Xocalı, Qarabağ, Laçın, Gəncə, Şuşa, Füzuli, Bərdə, Tərtər,
Ağdam şəhərləri və Mübariz İbrahimov, Məmmədov Murad, Əhmədov
Elbrus kimi şəhidlərin adlarının yaşadıldığı küçələr müvəqqəti
sığınacaqda məskunlaşan zəlzələ qurbanlarını qürurlandırır.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər
saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi
7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis,
Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və
Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.