
Bakı. Trend:
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının
zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb.
Bunu Trend-ə
yeni tikili binalarda yaşayan sakinlər bildiriblər.
Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri
hazırda 90 manatadır.
Bəs bu nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur
Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, bəzi binalarda MTK
rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış
şəxs icarəyə verə bilir:
“Bəzən çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə
alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən
də avtomobillərin sayı artır. Belə olduqda hər binanın mənzil
sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci
mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Bura gələn şəxslərin
böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin
avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən
biridir. Bakının Baş Planına əsasən, binalar söküləndə belə hallar
mütləq nəzərə alınmalıdır.
Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə
halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil.
Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları
qaçılmazdır”.
Hüquqşünas Arif Nəzərov isə bildirib ki,
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən,
yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada
mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət
etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası
pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya
digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis
qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət
edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət
hüququ ilə mülkiyyətçilərə məxsusdur.
“Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına
yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə
mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud
qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan
avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid
edilməyib.
Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli
binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən
sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə,
dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara
görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması
mümkündür”, – deyə hüquqşünas qeyd edib.
Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı
yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq
olunacaq.
0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat
üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş
tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər
gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat
ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək.
Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün
tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən
tətbiq ediləcək.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat – 1 manat;
2-4 saat – 2 manat;
4-6 saat – 3 manat;
6-10 saat – 4 manat;
10-12 saat – 5 manat;
12-24 saat – 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);
Qonşular tarifi – 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün
şərait var.





























