Advertisement

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir – Ceffri Payet

Bakı. Trend:

ABŞ Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəkləyir.

Trend xəbər
verir ki, bu barədə ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə
köməkçisi Ceffri Payet deyib.

“Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı
danışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetika
naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi.
ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə
dəstəklədiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevin
müəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra
2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər
arasında yüksək dərəcədə uyğunluq var”, – o deyib.

Payet ABŞ-nin BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28
gündəliyinin davamı üçün hazırladığı “Troika” mexanizmini
dəstəklədiyini vurğulayıb

“Mən enerji sistemimizin ekologiyalaşdırılması ilə əlaqədar
məsələlərə fokuslanmışam və dünyanın istifadəsinə davam etmək
niyyətində olduğu qazıntı yanacağının iqlim üçün daha az zərərli
üsulla hasil olunmasının təmin olunması üzərində çalışıram, bu isə
metan tullantıları ilə mübarizə səylərimizin davamı deməkdir – biz
Prezident İlham Əliyevin Azərbacanın “Qlobal Metan Vədi”nə
sadiqliyi barədə bəyanatını çox dəstəkləyirik və bu yaxınlarda
regionda Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi “Qlobal Metan
Vədi”ni imzalamış ölkələrdən daxil olan metan və səmt qazının daha
çox hasilatı üçün imkanları araşdırmaq məqsədilə hazırda Xəzər
dənizində aktiv fəaliyyət göstərən bp, “Chevron” və “ExxonMobile”
kimi şirkətlərlə çalışırıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun