Advertisement

Cəlilabadda sabiq məktəb direktoru 45 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur

Bakı. Trend:

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru
Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda
başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi
dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs
saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla
ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf
etməsinə əsaslı şübhələr müəyyən edilib.

Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq
mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla
mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun
ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə
məhkəməyə göndərilib.