
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalında 31 Mart – Azərbaycanlıların
Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev,
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar,
həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər. Tədbir
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə
başlanıb.
Daha sonra tədbir iştirakçıları 31 mart qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl
Əfəndiyev açılış nitqi ilə çıxış edərək 31 Mart Azərbaycanlıların
Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3
aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının
müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,
Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti
və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara
qarşı törədilən soyqırım barədə ətraflı məlumat verib.
Rəis müavini İsmayıl Əfəndiyev qeyd edib: “Bu soyqırımın
nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on
minlərlə insan itkin düşmüşdür. Uzun illər gizli saxlanılan,
üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli liderimiz Heydər
Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılmış,
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün
olmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində 31
mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə
imzaladığı Sərəncamından sonra hər il 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”.
Tədbirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr
edilmiş sənədli film nümayiş olunub. Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi
Şəhla Mirzəzadə tədbirdə çıxış edərək 31 mart azərbaycanlıların
soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza
qarşı törədilmiş cinayət, məhv edilmiş və yerlə yeksan edilmiş
kəndlər barədə məlumat verib.
Tariximiz bizim milli kimliyimiz, milli yaddaşımızdır. Biz daim
millətimiz və xalqımızın tarixinə yazılanları bilməli və
unutmamalıyıq. Bu baxımdan 31 mart qurbanları da tarixin
yaddaşından silinməyəcək, bu soyqırım daim xalqımız tərəfindən
xatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq.





























