Advertisement

Liftdə təhlükəsizlik necə təmin olunmalıdır? – ŞƏRH

Bakı. Trend:

Mart ayının 26-da Bakıda qadın liftin qapıları arasında qalaraq
ölüb. Belə hadisələr binalarda lift mövzusunu gündəmə gətirir.

Ümumiyyətlə liftdə təhlükəsizlik necə təmin olunmalıdır?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar
Nurəliyev bildirib ki, liftlərdə mütləq təhlükəsizlik məsələsi ön
planda olmalıdır.

“Ümumiyyətlə lift harda quraşdırılıbsa, mütləq onun
təhlükəsizlik istismarına nəzarət edən şəxs olmalıdır. Liftdə hər
hansı nasazlıq yaranarsa, texniki xidmətin göstərilməsi, dövrü
xidmətlərin göstərilməsi, liftin quraşdırılması, montajı, bütün
bunlar akkreditasiyanı keçmiş, ixtisaslaşmış müəssisə tərəfindən
həyata keçirilməlidir. Bununla bağlı lift harda quraşdırılıbsa,
həmin müəssisə ilə akkreditasiyanı keçmiş müəssisə xidməti müqavilə
bağlayır və müqavilə əsasında bu həyata keçirilməlidir”, – o
deyib.

Ekspert qeyd edib ki, əgər liftdə hər hansı bir nasazlıq varsa,
o liftin istismarı dayandırılmalıdır.

“Nasazlıq aradan qaldırılıqdan sonra liftin istismarı həyata
keçirilməlidir. Nasazlıq normadan artıq yüklənmə olduqda, ya
hansısa avandanlığının, qurğusunun detalları sıradan çıxma
səbəbindən liftlərdə qəzalar baş verə bilir. Ona göre liftlərdə
mütləq istismar müddətinin tələblərinə ciddi riayət etmək lazımdır.
Yəni ki , vaxtında dəyişilməli olan, sıradan çıxmış detalları
mütləq vaxtı-vaxtında dəyişilməlidir, liftlərin normadan artıq
yüklənməməsinə riayət etmək lazımdır. Yəni liftin qırılıb, şaxtaya
düşmə halı çox az nadir hallarda baş verir. Çünki müasir liftlərin
hər birində ikili sığorta sistemi mövcuddur ki, əyləc sistemi,
trosun biri qirildiqda əyləc sistemi işə düşür, liftin sürəti
artarsa avtomatik olaraq əyləc sistemi işə düşür. Bu da liftin
şaxtaya düşməsinin qarşısını alır. Bu hal köhnə liftlərdə real
görünə bilər, amma müasir liftlərdə çox az nadir hallarda baş
verir”, – deyə o, qeyd edib.

Qeyd edək ki, son illər ərzində dövlət mənzil fonduna aid olan
binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı
olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin
alınaraq quraşdırılması nəzərdə tutulub.