Advertisement

Tələblərə riayət etməyən taksi şirkətlərini cərimə sanksiyaları gözləyir – RƏSMİ

Bakı. Trend:

Mövcud qanunvericiliyin tətbiqi ilə bağlı taksi sifarişi
operatorları, o cümlədən beynəlxalq sifarişi operatorları ilə
görüşlər keçirilib və tələblərlə bağlı ətraflı məlumat verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, qanunvericiliyin tələblərinə riayət etməyənləri
isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan
taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar
Məcəlləsinə əsasən cərimələnəcəklər.

“Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması
ilə bağlı da cərimələr mövcuddur.

İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət
göstərilməsinə, taksi sifarişi operatorları tərəfindən taksi
sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi
məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından
keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı
tələblərə riayət olunmamasına, taksi sifarişi operatorlarının
informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün
iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində
ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin
mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli və hüquqi
şəxslərin cərimə edilməsi nəzərdə tutulub.

Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili
imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış
kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq
keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi
xidmətinin göstərilməsinə görə də sanksiyalar mövcuddur.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik
avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı
ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair
xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlığın keçməsini təsdiq
edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün
olmayacaq. Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən
sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış
kartının verilməsinə görə vəzifəli və hüquqi şəxslər
cərimələnəcəklər”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin
daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki
göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər
”i
təsdiqləyib.